İntensiv fiziki fəaliyyət insanın yalnız bədənini deyil, işləmək motivasiyasını da zəiflədə bilər. Alimlər müəyyən ediblər ki, ağır məşqdən sonra insanlar həm idmanla məşğul olmağa, həm də zehni səy tələb edən tapşırıqları yerinə yetirməyə daha az həvəs göstərirlər.
HİT.az xəbər verir ki, Sinqapur Milli Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Tədqiqatda 62 nəfər iştirak edib və onlar laboratoriyada iki ayrı sınaqdan keçiblər. Hər iki sınaq zamanı iştirakçılar təxminən bir saat velotrenajorda məşq ediblər. Lakin birinci halda fiziki yük yüksək, ikinci halda isə yüngül olub. Məşq müddətində könüllülər diqqətin davamlılığını yoxlayan tapşırıqları da yerinə yetiriblər.
Sınağın sonunda iştirakçılara seçim təklif edilib: daha 5-30 dəqiqə işləyərək 10 dollar əlavə pul qazanmaq, yaxud daha az ödənişlə işi bir dəqiqə ərzində bitirib istirahət etmək. Burada iş dedikdə həm fiziki, həm də zehni tapşırıqlar nəzərdə tutulub.
Nəticələr göstərib ki, ağır məşqdən sonra iştirakçılar əlavə fiziki və ya zehni səy göstərməyə yalnız daha yüksək mükafat müqabilində razı olublar. Başqa sözlə, yorğunluq onların zəhmət müqabilində əldə edəcəkləri qazancı daha az cəlbedici edib.
Maraqlıdır ki, fiziki yorğunluğa baxmayaraq, diqqət göstəricilərində ciddi geriləmə qeydə alınmayıb. Yəni iştirakçılar zehni tapşırıqları əvvəlki kimi yerinə yetirə bilsələr də, buna daha az həvəs göstəriblər. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, məşq zamanı nəbz nə qədər yüksək olubsa, əlavə iş görmək istəyi bir o qədər azalıb.
Alimlərin fikrincə, bu nəticələr gündəlik həyat üçün də əhəmiyyətlidir. Məsələn, nahar fasiləsində intensiv məşq etmək insanın günün qalan hissəsində ofis işinə motivasiyasını azalda bilər. Eyni zamanda, ağır fizioterapiya seanslarından sonra xəstələrin zehni baxımdan mürəkkəb tapşırıqlara marağı zəifləyə bilər.
Araşdırma göstərir ki, fiziki yorğunluq insanın düşünmə qabiliyyətini mütləq zəiflətmir, lakin əlavə səy göstərmək istəyinə təsir edə bilər.
Samir


