Geniş istifadə olunan darçın yalnız yeməklərə xüsusi dad və ətir verməklə kifayətlənmir. Diyetoloqlar onun qan şəkərinin tənzimlənməsinə, insulinə həssaslığa və maddələr mübadiləsinə mümkün təsirlərinə də diqqət çəkirlər.
HİT.az xəbər verir ki, bu barədə “El Confidencial” portalı məlumat yayıb.
Fiziki fəaliyyət üzrə elmlər doktoru və diyetoloq Aleks Yanyesin sözlərinə görə, darçın antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. O, həzmi dəstəkləyə və xüsusilə ağır yeməklərdən sonra orqanizmin fəaliyyətinə müsbət təsir göstərə bilər.
Mütəxəssis bu ədviyyatın əsas üstünlüklərindən birinin qlükoza səviyyəsinin tənzimlənməsinə mümkün təsiri olduğunu bildirib. Onun fikrincə, darçın insulinə həssaslığı yaxşılaşdırmağa kömək edə bilər. Buna görə də şəkərli diabeti olan və yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almaq istəyən insanlar üçün rasiona əlavə kimi maraqlı seçimdir.
Darçının hansı növü daha təhlükəsizdir?
Diyetoloq mağazalarda satılan darçının bütün növlərinin eyni xüsusiyyətlərə malik olmadığını vurğulayıb. Əsasən iki növ – kassiya və Seylon darçını istifadə olunur.
Yanyesin sözlərinə görə, kassiyanın tərkibində kumarin maddəsi daha çoxdur. Bu maddənin yüksək miqdarda və uzun müddət qəbul edilməsi qaraciyər üçün zərərli ola bilər. Seylon darçını isə kumarinin daha az olması ilə fərqlənir və müntəzəm istifadə üçün daha münasib seçim hesab olunur.
Zəncəfil ürəkbulanmanı azalda bilər
Diyetoloq zəncəfilin də bir sıra faydalı xüsusiyyətlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu bitki ürəkbulanmanın azalmasına kömək edə, iltihabəleyhinə təsir göstərə və bəzi hallarda menstruasiya ağrılarını yüngülləşdirə bilər.
Zəncəfili gündəlik qidalanmaya əlavə etmək üçün ondan dəmləmə hazırlamaq, düyü və digər yeməklərə az miqdarda qatmaq mümkündür. Mütəxəssis dadının kəskin olduğunu nəzərə alaraq istifadəyə kiçik miqdardan başlamağı tövsiyə edib.
Yanyes həmçinin zəncəfilin stress zamanı zəifləyən iştahanın və həzm sisteminin fəaliyyətinin tənzimlənməsinə kömək edə biləcəyini qeyd edib.
Sarıkökün də faydalı xüsusiyyətləri var
Diyetoloq sarıkökün tərkibindəki kurkumin maddəsinin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu bildirib. Onun fikrincə, bu maddə immun sisteminin fəaliyyətini dəstəkləyə və zehni fəallığa müsbət təsir göstərə bilər.
Sarıkökü yeməklərə, xüsusilə karri və müxtəlif tərəvəz xörəklərinə əlavə etmək mümkündür. Bununla yanaşı, mütəxəssis onun kapsul formasında qəbulunu da tövsiyə edib.
Qeyd edək ki, darçın və digər ədviyyatların mümkün faydaları onların dərman müalicəsini əvəz etməsi demək deyil. Xüsusilə diabeti olan şəxslər qan şəkərini tənzimləmək üçün dərmanlarını özbaşına dayandırmamalı, ədviyyat və qida əlavələrindən müalicə məqsədilə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Samir


