Övladını vaxtsız itirdi, Brillianta görə addan imtina etdi - Oğlu həbs olunan müğənni

16:06 / 07.10.2021
4674

HİT.az Kulis.az-a istinadən Xalq artisti Brilliant Dadaşovanın bacısı, dünən oğlu narkotik üstündə həbs edilən müğənni Lalə Dadaşova haqqında maraqlı faktları təqdim edir.

Musiqiçi ailəsində dünyaya gələn müğənni Lalə Dadaşova 90-cı illərin əvvəllərində həmkarı və həyat yoldaşı Elçin Cəlilovla efirə çıxaraq böyük məşhurluq qazanır. Lakin ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir.

***

Elçin rəhmətə getməmişdən bir qədər əvvəl, 2005-ci ilin may ayında Dövlət Televiziyasından Laləni efirə dəvət edirlər. Ona təklif edirlər ki, həftədə bir dəfə musiqi verilişi aparsın. Mayın 10-da Elçin dünyasını dəyişir, bir gün sonra həmin veriliş efirə gedir. Adamlar elə bilir, Lalə Elçin rəhmətə gedəndən bir gün sonra efirə çıxıb, heç kim videonun bir müddət əvvəl yazılmasına inanmaq istəmir. Qəzetlərdə onu biabır edən başlıqlı yazılar çıxır.

Müğənninin Elçindən əvvəlki Arif adlı həyat yoldaşından iki oğlu olub. Onun bir oğlu Natiq iki ildən çox ağ ciyər xərçəngindən əziyyət çəkib. 2015-ci ilin oktyabr ayında Natiq 35 yaşında dünyasını dəyişir. Müğənninin oğlu ailəli olur, yeddi yaşlı bir oğlu qalır.

***

Lalə xanımın Zaur adlı digər oğlu aktrisa Mehriban Xanlarova ilə bir-birlərini seviblər. Aktrisa Zaurdan iyirmi yaş böyük olsa da, onlar evlənmək qərarına gəlirlər. Lakin xəbəri eşidən Lalə Dadaşova bu nikaha qəti şəkildə etiraz edir. Oğlu isə inadından əl çəkməyib Mehribanla ailə qurur. Bir müddət sonra övladları olmadığı üçün cütlük ayrılır. Zaur ikinci dəfə başqa qadınla ailə qurur, ancaq bu evlilik də uğursuzluğa düçar olur. Cütlük 6-7 il bir yerdə yaşayır, onların övladı olmur. Zaurun ailə qurduğu xanım böyrək çatışmazlığından dünyasını dəyişir.

Mehriban Xanlarova müsahibələrinin birində Zaur haqqında deyir: “Zaur yaş fərqimiz o qədər də çox deyil. Mən 1967-ci ildənəm, Zaur isə 1973-cü ildən olmalıdır. Camaat 20 yaş fərqi ilə ailə qurur. Sadəcə anlaşmadıq və ayrıldıq. Bəzi problemlər var idi, açıqlamayacağam".

***

2004-cü ildə Laləyə fəxri ad vermək istəyirlər. O vaxt müğənninin bacısı Brilliant Dadaşova Əməkdar artist olduğundan Lalə xanım bu addan imtina edir. Sonralar müsahibələrində deyir: “Düşündüm ki, bacım Xalq artisti olandan sonra mən Əməkdar artist ola bilərəm. Yəni Brillianta görə fəxri addan imtina etdim”.

Lalə Dadaşova 2014-cü meyxanaçı Samirə ilə də böyük qalmaqal yaşayıb. Efirdə olarkən müğənni meyxanaçı haqqında “o, əxlaqsızdır” sözlərini işlədərək onu təhqir edib. Lakin oğlu dünyasını dəyişəndə Samirə xanım Lalə xanımın evinə gələrək ona başsağlığı verib.

***

Ötən gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan müğənninin oğlu Mahmudov Zaur Arif oğlu külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Zaur Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Onun Tərtərdə düşmənlə üzbəüz mövqedə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir. Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə iki dəfə ağır kontuziya alıb, o cümlədən başına on yeddi tikiş qoyulub. Onun ayaq nahiyəsində də döyüşün izlərinin qaldığı deyilir.

0