“Türkiyə həm qardaşlıq, həm strateji maraqlarını qoruyur”.
Bu fikri HİT.Az-a İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova Türkiyənin Azərbaycanda birgə hərbi təlimlər keçirməsini şərh edərkən vurğulayıb.
Ekspertin fikrincə, Tovuz döyüşlərinin siyasi xarakteri nəzərdən qaçırıla bilməz və bu ərazilərin enerji dəhlizi olması rəsmi Ankara üçün əlahiddə məsələdir.
Siyasi şərhçi hesab edir ki, birgə təlimlərin keçirilməsi, 11 min türk hərbçinin Azərbaycana gəlməsi tarixi hadisədir:
“Bu təlim adi vaxta təsadüf etmir. Türkiyə dünyaya Azərbaycana qardaş olduğunu, eləcə də iqtisadi və strateji maraqlarını güddüyünü nümayiş etdirir. Şübhəsiz ki, bu aşkar nümayiş ilk növbədə Rusiyayadır”.
R.Məmmədova düşünür ki, Liviya və Suriya müharibəsində masaya oturan qalib tərəf Türkiyədir:
“İndi Ankara və Moskvanın Cənubi Qafqazda üz-üzə gəldiyini görürük. Güman etmirəm ki, regionda böyük müharibə başlaya bilər.
Sadəcə, Türkiyə Tovuz istiqamətində gedən döyüşlərlə bağlı mövqeyini dünyaya çatdırdı - həm qardaş Azərbaycana dəstəkdir, həm də enerji axını olan coğrafiyaya görə məsuliyyət daşıyır. Bu baxımdan birgə hərbi təlimlərin keçirilməsi mühüm hadisədir”.
Politoloq qeyd edib ki, iyulun 27-də Türkiyə və Rusiya prezidentləri ilk dəfə Azərbaycan-Ermənistan qarşıdurmasını telefonda detallı müzakirə ediblər:
“Yəni, bu dəfə Liviya, Suriya böhranı yox, Tovuz müharibəsi Ərdoğanla Putinin müzakirə mövzusu olub.
Moskvanın xoşuna gəlməsə də, faktiki Ankara Cənubi Qafqazda əsas oyunçulardan biridir.
Bunun səbəbi Azərbaycanla münasibətlərdirsə, ikinci amil enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır”.