Aşura günündə işləmək günahdır? – İlahiyyatçıdan AÇIQLAMA

SOSİAL
13:38 / 24.06.2026
224

Aşura günü ilə bağlı hər il müxtəlif fikirlər səsləndirilir. 

Xüsusilə də insanların ən çox maraqlandığı məsələlərdən biri həmin gün işləməyin dini baxımdan doğru olub-olmamasıdır. Aşura günü İslam tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biri hesab olunur. 

Həmin gün xüsusilə Kərbəla hadisələri və İmam Hüseynin şəhadəti ilə əlaqədar müsəlmanlar tərəfindən hüzn və ehtiramla yad edilir. Lakin bununla yanaşı, Aşura günündə işləməyin qadağan olunduğunu göstərən ümumi dini hökm yoxdur.

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam hüququna görə Aşura gününün tətil etmək haqda heç bir göstəriş yoxdur:

“Yalnız Qurana görə Cümə günü, Cümə namazı zamanı insanlar işini buraxıb namaza getməlidirlər. Bu namazdan da əvvəl xütbə var, həmin xütbədə insanların mənəvi, sosial, mədəni həyatına aid əxlaqi tövsiyələr, nəsihətlər edilir. Lakin namazdan sonra insan öz işinə, fəaliyyətinə davam etməlidir. Aşura günü ilə bağlı isə nə Həzrət Muhəmməd Peyğəmbərdəm nə də digər səhabələrdən, Əhli-Beyt imamlarından bu günü tətil etməklə bağlı göstəriş nəql olunmayıb. 

Bu gün adi bir gündür, başqa günlərdən fərqli odur ki, həmin gündə İmam Hüseyn və bir qrup ailə üzvü şəhid olub. Şəhidin xatirəsi isə yas və matəmlə deyil, dua və ehsanlarla yad edilir. Yaxud həmin günü tətil etmək, işləməmək, əmək fəaliyyətini təxirə salmaq doğru deyil. Yəni, bu işlər İslam dininin, Quranın hökmlərinin əleyhinədir. İslamı gətirən Həzrət Muhəmmədin özünün vəfat günü belə matəm saxlanılmır, iş təxirə salınmır”.

402678

Həmsöhbətimiz diqqətə çatdırıb ki, İslam dinində matəm günü, matəm ayı, il dönümü anlayışı, göstərişi yoxdur:

“İslam dini axirətə imanı tərənnüm edir, ölüb yox olmağı rədd edir. Ona da ölmüş insan yox olmuş hesab olunmur, xüsusən şəhid olanlar cənnətə getmiş sayılır. Belə adamlar üçün də ağlamaq, matəm tutmaq Allaha üsyan və ya etirazdır. Ya axirətin inkarı deməkdir ki, yas saxlanan adam üçün təəssüf edilir. Ya da onun nə üçün şəhid olub cənnətə getdiyinə etiraz xarakteri daşıyır. Bütün hallardan bu matəmin İslamla uzlaşması mümkün deyil”.

Tural İrfan qeyd edib ki, fars, sasani şahlarından qalma ənənəvi matəmləri, bayramları İslama və bəzi tarixi şəxsiyyətlərə şamil etdilər, bidətlər gətirdilər, dini təhrif etdilər, müsəlmanları ikiyə böldülər:

“Halbuki İmam Hüseyn nifaq üçün yox, vəhdət üçün şəhid olmuşdur. Aşura günündə İmam Hüseynin xatirəsini yad etmək üçün dualar edilə, Quran oxuna, ehsanlar verilə, ehtiyacı olanlara qan verilə bilər. İstənilən xeyirli işi görüb İmam Hüseynin xatisinə həsr etmək olar. Lakin bütün bunlar insanların özləri üçündür, İmam Hüseynin bunlara ehtiyacı yoxdur, o artıq 1400 ildən çoxdur ki, cənnətdədir”.

Günel Cəlilova

0