Ölkədə heyvandarlıq uçotu necə aparılır?

İQTİSADİYYAT
14:49 / 23.06.2026
167

“Ölkədə mal-qara sayının qeydiyyatı və uçota alınması istiqamətində aparılan işlər kənd təsərrüfatı sektorunun daha şəffaf və idarəolunan olmasına xidmət edən mühüm dövlət tədbirlərindən biridir”.

Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, olduqca zəruri məsələdir:

“Məlumdur ki, Azərbaycan ət və ət məhsulları ilə özünü tam təmin edə bilmir. Belə olan halda xarici ölkələrdən idxal zərurəti yaranır. Bu istiqamətdə dövlət proqramlarının səmərəli icrası üçün mal-qaranın dəqiq sayının bilinməsi vacibdir”.

Həmsöhbətimizin sözlərinə görə, bu sahə problemlərlə müşayiət olunduğuna görə xüsusi yanaşma tələb edir: 

“Bəzi xəstəliklərin yayılması səbəbindən düzgün diaqnostika və təhlil aparılması vacibdir. Dəqiq nəticələrə gəlmək üçün real vəziyyətin düzgün qiymətləndirilməsi önəmlidir. Bu baxımdan mal-qara sayının düzgün uçotu xüsusi əhəmiyyət daşıyır. Bu, həm subsidiya və digər dövlət dəstəyi mexanizmlərinin ünvanlılığını təmin edir, həm də baytarlıq xidmətlərinin daha effektiv təşkili və vaxtında profilaktik tədbirlərin görülməsinə imkan yaradır”.

402560

Mütəxəssis əlavə edib ki, hazırda bu sahədə mövcud olan risklər ərzaq təhlükəsizliyinə də təsir göstərə bilər:

“Hökumətlərin əsas vəzifələrindən biri əhalinin ucuz və keyfiyyətli qida məhsullarına əlçatanlığını təmin etməkdir. Bu proses də ərzaq təhlükəsizliyi proqramları çərçivəsində həyata keçirilir. Eyni zamanda, kənd təsərrüfatında şəffaflığın artırılması və uçot sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyır”.

A.İbrahimov onu da əlavə edib ki, Azərbaycanda hər hansı yeni qeydiyyat sisteminin tətbiqi fermerlərin maya dəyərinin artmasına səbəb ola bilər:
 “Ümid edirəm ki, bu hal baş verməyəcək”.

Günel Cəlilova

0