Həkim yayda xroniki ağciyər xəstəliyinin kəskinləşməsinin səbəblərini açıqladı

SAĞLAMLIQ
16:00 / 27.06.2026
46

İsti hava, tüstü dumanı və hətta yüksək rütubət xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda vəziyyətin pisləşməsinə səbəb ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya pulmonoloq Olqa Tsaqarayeva məlumat verib.

XOAX tənəffüs yollarının daralması və ağciyərlərdə qaz mübadiləsini təmin edən alveolların tədricən zədələnməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Nəticədə nəfəsvermə çətinləşir, təngnəfəslik, uzunmüddətli öskürək və tez yorulma kimi əlamətlər yaranır.

Həkimin sözlərinə görə, xəstəliyin kəskinləşməsi daha çox qış aylarında virus infeksiyaları və soyuq havanın təsiri nəticəsində baş versə də, yay mövsümünün də özünəməxsus riskləri var.

Belə ki, yüksək temperatur və rütubət nəfəs darlığını gücləndirə bilər. Bundan əlavə, havanın çirklənməsi, ozon səviyyəsinin yüksəlməsi və bitki tozcuqları tənəffüs yollarını qıcıqlandıraraq nəfəs almağı çətinləşdirə bilər.

"Əlavə təhlükə susuzlaşmadır. İsti havada bəlğəm qatılaşır və onun xaric edilməsi çətinləşir ki, bu da xəstənin vəziyyətini daha da ağırlaşdırır", deyə Olqa Tsaqarayeva bildirib.

Pulmonoloq qeyd edib ki, bir çox insan illərlə davam edən öskürək və təngnəfəsliyi yaşlanma, siqaret çəkmə və ya keçmiş infeksiyaların nəticəsi hesab edir. Halbuki bu müddətdə xəstəlik irəliləyərək tənəffüs çatışmazlığı və digər ciddi ağırlaşmaların riskini artırır.

Həkim müayinəni payıza qədər təxirə salmamağı tövsiyə edib. Onun sözlərinə görə, yay mövsümü vəziyyəti sabitləşdirmək üçün əlverişli vaxtdır. Bu dövrdə siqaretdən imtina etmək, fiziki aktivliyi artırmaq, tənəffüs məşqlərini öyrənmək və zərurət yarandıqda müalicə planını yenidən nəzərdən keçirmək faydalıdır.

Artıq XOAX diaqnozu qoyulmuş xəstələrə isə həddindən artıq istidən qorunmaq, kifayət qədər maye qəbul etmək, havanın keyfiyyətinə nəzarət etmək və həkimin təyin etdiyi müalicə rejiminə ciddi əməl etmək tövsiyə olunur.

Mütəmadi tibbi müayinələr və ağciyər funksiyasının yoxlanılması ilin fəslindən asılı olmayaraq xəstəliyin ağırlaşması və xəstəxanaya yerləşdirilmə riskini azaltmağa kömək edir.

Samir

0