“Əfsuslar olsun ki, Türkiyə millisi Dünya Çempionatında çox uğursuz çıxış etdi”.
Bu sözləri “CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bir çoxları bunu sürpriz kimi dəyərləndirir:
“Lakin mən bunun ola biləcəyi barədə açıqlama vermişdim. Çünki hazırda əldə olan oyunçu qrupu ilə baş məşqçi Vinçenzo Montellanın tətbiq etdiyi oyun planı arasında tərs mütənasiblik var. Hətta qardaş ölkə Rumıniya və Kosovo ilə pley-off matçlarında belə bu oyun anlayışı ilə meydana çıxmışdı. Sadəcə olaraq, orada hər matçda bir-iki qol epizodu yarandı və bundan maksimum şəkildə istifadə etməyi bacardılar. Nəticədə, Dünya Çempionatının final mərhələsinə vəsiqəni təmin etdilər”.
Ekspert hesab edir ki, Montella taktikasını əlindəki oyunçulara uyğun qurmadı:
“Təbii ki, futbolçular da onun bu taktikasın razı deyillər. Türkiyə 4-6-0 və ya 4-5-1 taktiki düzülüşü ilə oynayır. Oyun planı olaraq yana və geriyə pas ötürməklə topa sahib olma əmsalını yüksəldir. Lakin onu hücum fazasında faydalı işə çevirə bilmədi. Məhz bu, çox ciddi bir problem yaratdı və nəticə etibarilə Türkiyə millisi çox zəif göründü.
Montella meydanda üç fazada oynamaq yerinə iki fazada oynamağı seçdi. Hansı ki, müdafiə arxasına atılan toplardan və mövqe sığortalarında ciddi problemlər yaşandığını da mütəmadi söyləmişdik. Üstəlik, Türkiyənin Avstraliya və Paraqvayla qarşılaşmalarında buraxılan qollarda çox ciddi boşluqların olduğunu gördük”.
Həmsöhbətimiz onu da əlavə edib ki, son günlərdə türk mediasında Hakan Çalhanoğlu və Merih Demiralın heyəti qurduğu ilə bağlı iddialar yayılıb:
“Hakan Çalhanoğlu sanki bu komandanın oynayan məşqçisi kimi çıxış edir. Təbii ki, kapitanla müzakirə aparıb, heyət qurmaqda qəbahət yoxdur. Ancaq kapitana görə oyun strategiyası müəyyənləşdirmək düzgün yanaşma deyil”.
Elçin Cəfərovun proqnozuna görə, Vinçenzo Türkiyə millisindən istefaya göndəriləcək:
“Hətta onunla yolların ayrıldığı ABŞ ilə matçdan sonra açıqlana bilər. Böyük ehtimalla, Türkiyə Futbol Federasiyası (TFF) yenidən seçkilərə gedəcək. Üstəlik, yaxın günlərdə Türkiyə futbolunda danışılmış oyunlarla bağlı prosesin yenidən başlaması və çox ciddi həbslərin olması gözlənilir. Yəni qarşıdakı dövrdə Türkiyə futbolunda xaotik vəziyyətin hökm sürməsi qaçılmazdır. Dünya çempionatındakı uğursuz çıxış isə bu hadisələri daha da tezləşdirəcək”.
Elmir Mustafa



