Ağacdələnlər qida axtararkən ağac gövdəsini saniyədə 20 dəfəyə qədər dimdikləyə bilirlər. İnsan üçün baş nahiyəsinə tək bir güclü zərbə belə beyin silkələnməsinə səbəb ola bildiyi halda, bu quşlar minlərlə zərbədən sonra belə zədələnmirlər. Alimlər uzun illərdir bunun səbəbini araşdırırlar.
HİT.az xəbər verir ki, "Physics Today" elmi nəşrinin məlumatına görə, uzun müddət bu barədə yalnız fərziyyələr irəli sürülürdü. Bəziləri hesab edirdi ki, ağacdələnin uzun dili beyni əhatə edərək yastıq rolunu oynayır və zərbəni yumşaldır. Digərləri isə bunu kəllə sümüyünün məsaməli quruluşu və ya dimdiyin xüsusi forması ilə izah etməyə çalışırdı.
Bu xüsusiyyət mühəndis və ixtiraçıların da diqqətini cəlb edib. Ağacdələnlərin davranışını öyrənən tədqiqatlar əsasında başı güclü zərbələrdən qorumaq üçün müxtəlif texnologiyalar, o cümlədən idman dəbilqələrinin hazırlanması istiqamətində ideyalar formalaşıb.
Bir müddət alimlər ağacdələnin kəllə sümüyünün amortizator kimi işlədiyini və zərbə zamanı sıxılaraq beynə düşən yükü azaltdığını düşünürdülər. Bu fərziyyəni yoxlamaq üçün quşların ağacı dimdikləməsi yüksək sürətli kameralarla qeydə alınıb və görüntülər yavaşladılmış rejimdə təhlil edilib.
Araşdırmalar göstərib ki, ağacdələnin başı əslində amortizator funksiyasını yerinə yetirmir. Əksinə, onun dimdiyi və kəllə sümüyü mümkün qədər sərt quruluşa malikdir və çəkic kimi işləyərək ağacın daha səmərəli deşilməsinə imkan yaradır. Əgər baş zərbəni yumşaltsaydı, quş ağacı deşmək üçün daha çox enerji sərf etməli olardı.
Alimlərin izahına görə, bunun əsas səbəbi quşun kiçik ölçüsü və beyninin çox balaca olmasıdır. Ağacdələn ağaca zərbə vurduqdan sonra başı təxminən 400 g (sərbəst düşmə təcilinin 400 qatı) həcmində yüklənməyə məruz qalır. İnsan üçün isə təxminən 135 g-lik yük artıq böyük ehtimalla beyin silkələnməsi yaradır.
Ağacdələnin beyni insan beynindən təxminən yeddi dəfə qısadır. Bu səbəbdən zərbə nəticəsində yaranan təzyiq onun beynində daha bərabər paylanır. Alimlərin hesablamalarına görə, ağacdələnin beyninin zədələnməsi üçün təxminən 1000 g gücündə yüklənmə tələb olunur. Ağacı dimdikləyərkən yaranan təxminən 400 g-lik yük isə onun üçün təhlükə yaratmır.
Beləliklə, ağacdələnin zərbələrdən qorunmasının əsas səbəbi kəllə sümüyünün qeyri-adi quruluşu deyil, beyninin kiçik ölçüsü və bu ölçünün zərbə zamanı yaranan qüvvələrin daha təhlükəsiz şəkildə paylanmasına imkan verməsidir.
Samir


