Manipulyativ münasibət nədir?

SAĞLAMLIQ
14:55 / 24.06.2026
292

“Manipulyasiya insanların düşüncələrini, emosiyalarını və davranışlarını öz maraqları istiqamətində yönləndirmək məqsədi daşıyan psixoloji təsir formasıdır”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, manipulyasiya zamanı təsir açıq şəkildə deyil, dolayı yollarla həyata keçirilir:


“Manipulyator qarşı tərəfin zəif nöqtələrini, emosional ehtiyaclarını, qorxularını, günahkarlıq hissini və ya qəbul edilmək arzusunu istifadə edərək onun qərarvermə prosesinə müdaxilə edir. Manipulyasiya edən insanların psixologiyasına baxdıqda, onların hamısının eyni xarakter quruluşuna malik olmadığını görürük. 

Lakin ortaq xüsusiyyətlər mövcuddur. Bu insanlar çox zaman nəzarət ehtiyacı yüksək olan şəxslərdir. Onlar münasibətləri qarşılıqlı əməkdaşlıq kimi deyil, güc balansı kimi qəbul edirlər. Psixoloji olaraq özlərini təhlükədə hiss etdikləri zaman açıq ünsiyyət qurmaq əvəzinə dolayı yollarla təsir göstərməyə üstünlük verirlər”.  

Ekspert qeyd edib ki, bəzi hallarda bu davranış uşaqlıqdan öyrənilmiş adaptasiya mexanizmi olur: 
“Uşaq vaxtı ehtiyaclarını sağlam şəkildə ifadə edə bilməyən insan zamanla başqalarını yönləndirməyi, günahlandırmağı, emosional təzyiq göstərməyi və ya gizli təsir üsullarını öyrənə bilir. Manipulyatorun əsas məqsədi qarşı tərəfin seçim azadlığını zəiflətməkdir. O, insanın öz qərarını verdiyini hiss etdirməyə çalışır, halbuki qərarın formalaşmasına əvvəlcədən təsir göstərmiş olur. 

Bu səbəbdən manipulyasiya çox zaman görünməz psixoloji nəzarət forması hesab edilir. Manipulyasiyaya məruz qalan insanların psixologiyası da xüsusi diqqət tələb edir. Cəmiyyətdə yanlış olaraq düşünülür ki, manipulyasiya olunan insanlar zəif xarakterli olurlar. Halbuki klinik müşahidələr bunun əksini göstərir”. 

Psixoloqun sözlərinə görə, manipulyasiya qurbanları çox vaxt vicdanlı, empatik, həssas, münasibətlərə dəyər verən və başqalarının hisslərinə qarşı diqqətli insanlardır:
“Onlar konflikt yaratmamağa çalışır, “yox” deməkdə çətinlik çəkir və başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tuturlar. Psixikanın daxilində baş verən proses isə daha mürəkkəbdir. İnsan sosial varlıqdır və beynimiz qəbul edilməyə, münasibətləri qorumağa və qrupa aid olmağa proqramlaşıb. 

Manipulyator məhz bu təbii mexanizmlərdən istifadə edir. Qarşı tərəfdə günahkarlıq hissi yaratdıqda beyində emosional narahatlıq yaranır. İnsan həmin narahatlığı azaltmaq üçün manipulyatorun istədiyi davranışı göstərməyə meyllənir. Beləliklə, qərar məntiq əsasında deyil, emosional gərginlikdən qurtulmaq məqsədilə verilir”.

Zəhra Zahidova əlavə edib ki, manipulyasiyaya məruz qalan şəxslərdə zamanla özünəinam zəifləyə bilər:
“Şəxs öz hisslərinə və düşüncələrinə şübhə etməyə başlayır. O, daim özünü sorğulayır, “bəlkə mən səhv düşünürəm, bəlkə problem məndədir” kimi fikirlərlə yaşayır. Xüsusilə uzunmüddətli manipulyasiya hallarında insanın reallığı qiymətləndirmə qabiliyyəti zəifləyə, emosional asılılıq formalaşa və qərarvermə bacarığı pozula bilər. 

Manipulyasiyanın uğurlu olmasının əsas səbəblərindən biri psixikanın ardıcıllıq prinsipidir. İnsan bir dəfə razılıq verdiyi mövqeyi sonradan dəyişməkdə çətinlik çəkir. Digər səbəb isə rədd edilmək qorxusudur. Beyin sosial rəddi təhlükə kimi qəbul etdiyindən, bir çox insan münasibəti qorumaq naminə öz sərhədlərindən imtina edir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, manipulyasiyanın qarşısını almağın ilk şərti psixoloji sərhədlərin formalaşdırılmasıdır: 
“İnsan başqasının narahat olmasına görə məsuliyyət daşımadığını qəbul etməlidir. Sağlam şəxsiyyət anlayır ki, empatiya göstərmək və özünü qurban vermək eyni şey deyil. Hər hansı istək qarşısında dərhal cavab vermək əvəzinə düşünmək üçün zaman istəmək, yaranan günahkarlıq hissini analiz etmək və qərarın qorxuya yox, şəxsi dəyərlərə əsaslanıb-əsaslanmadığını yoxlamaq vacibdir.

Klinik baxımdan manipulyasiya həm manipulyatorun, həm də qurbanın daxili psixoloji dinamikalarının qarşılıqlı təsiri nəticəsində yaranır. Bir tərəfdə nəzarət ehtiyacı, digər tərəfdə isə qəbul edilmək və münasibəti itirməmək ehtiyacı mövcud olur. 

Bu iki psixoloji mexanizm bir-birini tamamladıqda manipulyativ münasibət formalaşır. Sağlam münasibət isə qorxu, günahkarlıq və məcburiyyət üzərində deyil, şəffaf ünsiyyət, qarşılıqlı hörmət və sərbəst seçim üzərində qurulur”.

Pərviz

0