Əks psixologiyanın ŞOK SƏBƏBİ

SOSİAL
15:30 / 23.06.2026
241

“Bəzi insanlar qarşı tərəfdən istədikləri davranışı birbaşa tələb etmək əvəzinə, onun tam əksini deyirlər və ya edirlər”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, ilk baxışdan bu davranış məntiqsiz görünə bilər:


“Lakin psixoloji baxımdan bunun arxasında müxtəlif səbəblər dayanır. Bu hadisə psixologiyada “reaktivlik” adlanır. İnsan öz azadlığını qorumaq üçün ona deyilənin əksini etməyə meyl göstərir. Bunu bilən bəzi insanlar isə qarşı tərəfdən istədikləri nəticəni almaq üçün əks psixologiyadan istifadə edirlər. Yəni əslində istədikləri şeyi deyil, onun tam əksini ifadə edirlər”.

Ekspert nümunələr də verib:
“Məsələn, bir insan həyat yoldaşının onunla daha çox vaxt keçirməsini istəyir. Lakin bunu açıq şəkildə demək əvəzinə: “Sən onsuz da həmişə məşğulsan, mənə vaxt ayırma” deyir. Əslində isə məqsədi qarşı tərəfdə vicdan hissi yaratmaq və onun diqqətini qazanmaqdır.

Bu davranışın başqa bir səbəbi də insanın öz ehtiyaclarını açıq ifadə etməkdə çətinlik çəkməsidir. Bəzi insanlar uşaqlıqdan hisslərini, istəklərini və ehtiyaclarını birbaşa söyləməyi öyrənməyiblər. Onlar rədd edilməkdən, anlaşılmamaqdan və ya zəif görünməkdən qorxurlar. Buna görə də dolayı yollarla məqsədlərinə çatmağa çalışırlar”.

Psixoloq vurğulayıb ki, bəzən isə bu davranış manipulyasiya xarakteri daşıyır:
“İnsan qarşı tərəfin psixologiyasını bildiyi üçün onun emosiyalarını idarə etməyə çalışır. Məsələn, qısqanc bir insan sevgilisinin ona daha çox diqqət göstərməsini istədikdə: “Mənə zəng etməsən də olar” deyə bilər. Halbuki daxilində zəng gözləyir.

Bu zaman sözlə hiss arasında ziddiyyət yaranır. Belə insanların daxili dünyasında çox vaxt bir konflikt olur. Onlar bir şeyi istəyirlər, amma istədiklərini deməyə cəsarət etmirlər. Ona görə də davranışları ilə sözləri bir-birini tamamlamır. Bu isə münasibətlərdə anlaşılmazlıqlara səbəb olur”.

Ülviyyə Ağazadə onu da əlavə edib ki, qarşı tərəf deyilən sözə inanır, amma deyilən sözlə həqiqi ehtiyac fərqli olduğu üçün problemlər yaranır:
“Sağlam psixoloji münasibətlərdə insan öz ehtiyacını və istəyini birbaşa ifadə edə bilir. Məsələn, “İstəyirəm mənə daha çox vaxt ayırasan”, “Bu mövzuda dəstəyinə ehtiyacım var”, “Sənin diqqətini istəyirəm”. Dolayı mesajlar, əks davranışlar və gizli gözləntilər isə qısa müddətdə nəticə versə də, uzun müddətdə münasibətlərdə yorğunluq, inciklik və etimad problemləri yarada bilər”.

Həmsöhbətimiz fikirlərini belə əsaslandırıb:
“Çünki insanın dediyi ilə hiss etdiyi, göstərdiyi ilə istədiyi eyni olmadıqda, qarşı tərəf daim “əslində nə demək istəyir?” sualının içində qalır. Bu isə sağlam ünsiyyətin deyil, qarışıq emosional münasibətlərin göstəricisidir”.

Pərviz

0