Bu günlərdə Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində təşkilatın İcraedici Komitəsinin 56-cı iclası keçirilib.
22 iyunda başlayan tədbirdə İƏT-ə üzv dövlətlərin parlament nümayəndə heyətlərinin rəhbərləri, üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Ümumilikdə tədbirdə iştirak edən nümayəndə heyətinin sayı 400-ü keçib. Üstəlik, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi də qəbul edilib.
Sözügedən Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib.
Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı rolunun əhəmiyyəti barədə Hit.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Azərbaycan tarixən İslam sivilizasiyasına mənsub ölkələrdən biri olub və İslam dini xalqımızın mədəniyyətində, milli-mənəvi dəyərlərində mühüm yer tutur:

“Bununla yanaşı, Azərbaycan dünyəvi dövlətdir və ölkədə bütün dinlərin sərbəst fəaliyyət göstərməsi üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb. Əhalinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dininə də xüsusi hörmət və diqqət göstərilir.
Bu baxımdan, Azərbaycanın islam ölkələrini bir araya gətirən İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz təşkilatın işində fəal iştirak edir, həyata keçirilən layihə və təşəbbüslərə öz töhfəsini verir”.
Millət vəkili onu da əlavə edib ki, Azərbaycanın təşkilata üzv dövlətlərlə siyasi, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı geniş xarakter daşıyır:
“Hazırda həmin ölkələrdən çoxsaylı tələbələr Azərbaycanda təhsil alır, eyni zamanda ölkəmiz bir sıra üzv dövlətlərdə investisiya layihələri həyata keçirir. Həmçinin, təbii fəlakətlər və humanitar böhranlarla üzləşən islam ölkələrinə Azərbaycan tərəfindən dəfələrlə yardım göstərilib.
Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qurulan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinə və islamofobiyaya qarşı mübarizəyə mühüm töhfə verir. Eyni zamanda təşkilata üzv dövlətlərin Azərbaycana münasibətində də yüksək etimad və hörmət hiss olunur”.
Milli Məclisin depuatı Aydın Hüseynov da Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və bu təşkilatda mühüm yer tutur:

“İslam dünyasını bir araya gətirən bu təşkilat ölkəmiz üçün həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan təşkilat çərçivəsində müsəlman ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirir. Bu əlaqələr iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə yeni imkanlar yaradır. Eyni zamanda, ölkəmiz İslam dünyasında birlik və həmrəyliyin möhkəmlənməsinə öz töhfəsini verir”.
Millət vəkili vurğulayıb ki, uzun illər ərzində Azərbaycan üçün ən vacib məsələlərdən biri olan Qarabağ problemi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin haqlı mövqeyini dəstəkləyib:
“Təşkilata üzv dövlətlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu məsələdə ölkəmizə dəstək göstərib. Bu isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə kömək edib.
Azərbaycan da öz növbəsində İslam dünyasının birliyinə xüsusi önəm verir. Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, müsəlman ölkələri arasında əməkdaşlığın inkişafına çalışıb. Bu fəaliyyətlər Azərbaycanın İslam dünyasında nüfuzunu daha da artırıb.
Bütün bunlar göstərir ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı rolu çox önəmlidir. Bu üzvlük ölkəmizin maraqlarının qorunmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə və İslam ölkələri ilə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir”.
Günel Cəlilova


