“Uzun illər davam edən evliliklərin sonradan bitməsi əksər insanlar tərəfindən təəccüblə qarşılanır”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“Çünki illərlə davam edən evlilik haqqında kənardan düşünürlər ki, artıq bu ailə bir çox çətinlikləri aşıb və dağıla bilməz. Ancaq psixoloji baxımdan bir münasibətin uzun sürməsi onun sağlam qalması demək deyil. Daxildə baş verən parçalanma xaricdən görünməyə bilər. Nəzərə almaq lazımdır ki, çox zaman uzun evliliklər bir günün içərisində dağılmır.
Yəni hər uzun sürən evliliyin boşanma ilə nəticələnməsi bir gündə olan proses deyil. Bu illərlə, aylarla baş verən prosesdir. Problem illərlə yığılır, tərəflər müxtəlif səbəblərdən onları görməzdən gəlirlər və sonradan birdən-birə boşanma ilə sanki “partlayış” baş verir”.
Ekspertin sözlərinə görə, çox vaxt uşaqların böyüməsi, maddi məsuliyyətlər, ailədən, ətrafdan təzyiqlərin olması, gündəlik qayğılar bu evlikilləri bir müddət daha davam etdirir:
“Yəni bütün bunlar əsas problemin qarşısına keçir. Bundan başqa, uzun illərdən sonra emosional bir boşluq yaranır. İllərlə bir-birlərilə söhbət etmirlər, dərdləşmirlər. Bir növ hörmət də get-gedə azalır.
Üstəlik, bir-birlərinin arasındakı söz-söhbətlər artmağa başlayır. Ailədə ünsiyyət azaldığı zaman artıq tərəflər bir-birlərilə az zaman keçirirlər. Az zaman keçirtmək və bir növ bir-birlərilə ünsiyyətin az olması aralarında böyük bir boşluğun yaranmasına gətirib çıxarır”.
Psixoloq qeyd edib ki, bəzən uzun illərlə davam edən evliliklərdə tərəflərdən biri özünü itirmiş kimi hiss edir:
“O, ailənin içərisində sadəcə bir tərəfdaş olur. Yəni həyat yoldaşı deyil, eyni evi bölüşən bir şəxs kimi özünü hiss edir. Bir müddət sonra isə “mən kiməm?” sualını verməyə başlayır. Yəni bu daxili axtarış da münasibətlərə təsir göstərməyə başlayır. Psixoloji baxımdan münasibətlərin içərisində ən təhlükəli vəziyyət mübahisə deyil, laqeydlikdir.
Əslində, münasibətdə mübahisə etməkdən qorxmaq lazım deyil. Əgər anlaşılma yox, laqeydlik və bir-birlərinə qarşı diqqətsizlik illərlə davam edirsə, istər-istəməz artıq özlərini eyni evdə yaşayan yad adamlar kimi hiss edirlər. Çünki insanlar mübahisə edərkən belə hələ də münasibətə enerji sərf edirlər. Amma laqeydlik yarandıqda emosional bağ zəifləməyə başlayır”.
Nabat Mirzəyeva diqqətə çatdırıb ki, insanlar yaşlandıqca baxış bucaqları dəyişməyə başlayır:
“Yəni insan 30-40 yaşında 20 yaşındaki düşüncələrində qalmır. Dəyərlər, gözləntilər, həyata baxış dəyişməyə başlayır. Əgər bu cütlüklərdə həyata baxış bucaqları bərabər şəkildə dəyişmirsə zamanla fərqli istiqamətlərə gedə bilərlər.
Bundan əlavə, sosial şəbəkələrin təsirini unutmaq olmaz. Sosial şəbəkələr cütlüklərin həyatına böyük təsir göstərir. Telefonla saatlarla vaxt keçirtmək, başqalarının həyatını izləməyən, “ideal cütlük”, “mükəmməl həyat” görüntüsünü görən insanlarda artıq narahatlıq yaratmağa başlaya bilir. Hərçənd ki, həyat sosial şəbəkə gördüyümüz kimi deyil. Təəssüf ki, insanlar sosial şəbəkələrdə gördükləri filtrlənmiş həyatları qısqanır və ailələrindəki çatışmayan tərəfi fərq edirlər. Bu isə çaxnaşmaya gətirib çıxarır”.
Həmsöhbətimiz hesab edir ki, insanların dözümlülüyünün dəyişməsi də ailənin dağılmasına səbəb olur:
“Əvvəllər insanlar münasibətləri qorumaq üçün daha çox güzəşt edirdilər. Lakin indi isə öz emosional rifahlarına daha çox önəm verirlər. Bu bir tərəfdən sağlam yanaşmadır, digər tərəfdən isə bəzi münasibətlərin daha tez bitməsinə gətirib çıxarır.
Yəni evliliklər çox vaxt xəyanətdən və ya qalmaqallardan deyil, illərlə danışılmayan hisslərdən, görünməyən dəyərdən, verilməyən diqqətdən, ifadə olunmayan ehtiyaclardan və yavaş-yavaş yaranan emosional məsafələrdən bitir”.
Pərviz



