Son beş ildə Almaniyada kondisionerlərə tələbat 75 faiz artsa da, ölkədəki yaşayış evlərinin əksəriyyəti hələ də nə texniki, nə də hüquqi baxımdan isti hava şəraitinə uyğunlaşdırılıb.
HİT.az xəbər verir ki, bu barədə "DW" nəşri yazır.
Məlumata görə, ABŞ-da ev təsərrüfatlarının təxminən 90 faizində soyutma sistemi mövcuddur. Avropa üzrə bu göstərici orta hesabla 20 faiz, Almaniyada isə cəmi 6 faiz təşkil edir.
Bunun bir neçə səbəbi var. İlk növbədə, Almaniyadakı binalar yayda soyutma deyil, qışda istiliyi saxlamaq məqsədilə inşa edilib. Digər tərəfdən, ölkə əhalisinin təxminən yarısı kirayədə yaşayır və onlar kirayə götürdükləri mənzildə bahalı təmir və ya kondisioner quraşdırılması kimi dəyişikliklər edə bilmirlər.
Bundan əlavə, ümumavropa sorğusuna əsasən, respondentlərin 38 faizi enerji qiymətlərinin artması səbəbindən soyutma xərclərini ödəməyə imkanlarının olmadığını bildirib.
"ClimaMeter" tədqiqat tərəfdaşlığının təhlilinə görə, 2026-cı ilin iyun ayında havanın temperaturu XX əsrin sonundakı analoji dövrlə müqayisədə təxminən 2–4 dərəcə Selsi yüksək olub.
BMT-nin məlumatına əsasən, Qərbi Avropada ekstremal isti hava dalğaları iqlim modellərinin proqnozlaşdırdığından daha sürətlə artır.
"Eurovent" sənaye assosiasiyasının nümayəndəsi Steyn Rennebuq bildirib: "Hər il Avropada on minlərlə insan isti hava səbəbindən həyatını itirir".
Onun sözlərinə görə, qış istilik sistemi zəruri hesab edildiyi halda, yayda soyutma hələ də lüks kimi qiymətləndirilir: "Yay aylarında binaları təhlükəsiz şəkildə soyuda bilməməyin artıq ciddi sosial və ictimai problemə çevrildiyini qəbul etməyin vaxtı çatıb".
Hazırda soyutma sistemləri dünya üzrə illik elektrik enerjisi tələbatının təxminən 10 faizini istehlak edir. Bundan əlavə, kondisionerlər xarici havanın temperaturunu bir neçə dərəcə artıraraq mənfi dövr yarada bilir. Bununla belə, Steyn Rennebuq qeyd edib ki, Avropanın təmiz enerji mənbələrinə keçidi bu problemi tədricən azaldır.
Alternativ həllər sırasında istilik nasosları, ağıllı ventilyasiya sistemləri, kölgələndirmə, yaşıllaşdırma və Paris, Stokholm, Kopenhagen kimi şəhərlərdə tətbiq olunan yeraltı boru şəbəkələri vasitəsilə məhəllələrin mərkəzləşdirilmiş soyudulması göstərilir.
Bundan başqa, süni intellekt texnologiyalarının tətbiqi gələcəkdə kondisionerlərin enerji səmərəliliyini 40 faizə qədər artırmağa imkan verə bilər.
Samir


