Söz sahibi təkcə Rusiya deyil, Türkiyə də həlledici mövqedədir - ŞƏRH

SİYASƏT
15:49 / 10.11.2020
2059

"Narahatçılığa heç bir əsas yoxdur. Biz istədiyimizə nail olduq. Bu, Azərbaycanın hərbi-siyasi-diplomatik qələbəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, əsas məsələ ölkə prezidentinin dediyinə nail olmasıdır:

"Əvvəlcədən onun ən mühüm yanaşmalarından biri işğal olunmuş torpaqlarımızdan Ermənistanın rəsmi şəkildə çıxmasını özündə ehtiva edən bəyanatın və qrafikin verilməsi idi. Bunun üçün imzaların atılması lazım idi. Artıq Ermənistan olduqca ağır duruma düşdüyünüə və sarsıdıcı zərbələr aldığına görə ağ bayrağı qaldırdı. Razılaşma əldə olundu, imzalar atıldı. Bizim üçün ən vacibi qan tökmədən Kəlbəcər, Laçın və Ağdamı tamamilə işğalçılardan azad etməkdir. Yəni, artıq erməni işğalçı qoşunları ərazidən çıxarılır. Bu bizim üçün çox əhəmiyyətlidir”.

Deputat qeyd edib ki, digər vətəndaşlar kimi ermənilər də bizimlə bir yerdə yaşaya bilər:

"Ölkə prezidenti açıq və birmənalı şəkildə ifadə etdi ki, status məsələsi gündəmdə deyil və burada hər hansı bir muxtariyyətdən söhbət gedə bilməz. Azərbaycan vətəndaşları kimi onlar da digər vətəndaşlarla bərabər bizimlə ölkədə yaşaya bilərlər. Ermənilər bura gələcək, ya gəlməyəcək? Bu da kifayət qədər sual altındadır. Cünki xarici jurnalistlərin apardığı sosial sorğularda ermənilərin azərbaycanlılarla bir yerdə yaşaması ilə bağlı fikirlərini soruşarkən onlar birmənalı olaraq "yox” deyirdilər”.

Fəzail Ağamalı məsələlərə nikbin yanaşdığını vurğulayıb:

"Narahat deyiləm. Nəzərə alaq ki, Rusiyanın sülhməramlı qüvvələri üzərində yaradılan monitorinq qrupuna nəzarət funksiyasında ruslarla bərabər türk zabitləri də iştirak edəcək. Burada söz sahibi təkcə Rusiya deyil, eyni zamanda Türkiyə də həlledici mövqe nümayiş etdirir. Türk qardaşlarımızın da burada nəzarəti olacaq”.

0