Qarşımızda duran yeni hədəflər... (TƏHLİL)

17:52 / 11.11.2020
3585

Rəşid Hacılı

Biz şübhəsiz ki, son döyüşdən qələbə ilə çıxdıq.

Xəyallarımızdakı qələbə ilə yox, amma qələbə ilə.

Xəyallarımızdakı qələbə sadəcə Ermənistan üzərində deyil, Rusiya üzərində qələbə idi. 

Biz nəhəng Rusiya üzərində qələbə gözləyirdik. Çünki Qarabağın tam təmizlənməsi Rusiya üzərində qələbə olacaqdı.

Rusiyanın Qafqazda varlığına son qoyacaqdı. 

Rusiyanın hər yerdə nüfuzuna böyük zərbə olacaqdı. 

Bunu bilirdik. Bəlli həddə qədər Rusiyanın neytral qalacağını, bir həddən sonra özünü neytral göstərməyə məcbur olacağını, bir həddən sonra isə artıq dözə bilməyəcəyini bilirdik. 

Heç təkcə Rusiya da yox. 

Fransa, ABŞ da. 

Onlar Dağlıq Qarabağın tam təmizlənməsini qəbul etmirdilər və bizi çəkindirirdilər. 

ABŞ-dan fərqli olaraq Fransa Rusiyanı müdaxilə etməyə hətta həvəsləndirirdi də. Tam dəstək verirdi düşmən saydığı Rusiyaya bu məsələdə. 

Qərb Rusiyanın Qafqazda bərkiməsini istəmir, doğrudur. Amma hələ alternativ də tapa bilməyib. Yəqin bu mübarizə gedəcək. 

Ermənistanda ağlı başında olan hakimiyyət formalaşa bilsə, Azərbaycan və Türkiyə ilə düşmənçiliyin onlar üçün faciə olduğunu anlaya bilsələr, nəhayət, qarşılıqlı inam yarana bilsə, Rusiyaya ehtiyac get-gedə azalacaq. Amma bu arzudur, sadəcə.

Nə isə...

Biz savaşın əvvəlindən Rusiyanın əsəbi vurnuxmalarını görürdük. Sifətini ermənilər qarşısında qorumaq, Azərbaycanlılar qarşısında itirməmək üçün hər şey etməyə çalışdı. 

Axırda dözmədi. Üzünü göstərdi. 

Kimsə düşünürsə ki, Rusiya uddu, xeyli qabardır.

Rusiya Azərbaycanda xeyli nifrət qazandı. Şəhidlərimizin qanı bahasına əldə etməkdə olduğumuz tam qələbəni əlimizdən aldı. Bizi durdurdu. 

Üstəlik, erməniləri daim silahlandırdı. Yardım etdi. Və s.

Rusiya Ermənistanda da xeyli nifrət qazandı. Ermənilər Rusiyanı qınayırlar ki, vaxtında dəstək vermədi. Erməniləri məölub etdirdi. Qırdırdı. 

Bir sözlə Rusiya xeyli itirdi. 

Biz savaşa başlayandan gözümüzün biri Rusiyadaydı. Müharıbə xəbərlərini oxuyub qurtaran kimi eyni həyacanla Rusiyadakı gəlişmələri izləyirdik. Nə edəcək Putin?" soruşurduq.  Narahat idik ki, durduracaq tezliklə.

Hətta səbrli davranmasına təəccüblənirdik. Komplo teorilər işə düşürdü. Danışılıb. DQ ətrafını azad etməyimizə söz verib. Paşinyanı cəzalandırır. Türkiyə ilə razılığa gəlib və s.

Komplolar uydurmadır. Amma gerçəkliyə oxşadılmış uydurmadır. Yəni gerçəklik elementləri də var.

Bir sözlə Azərbaycan son savaşa gedəndə 2016-dakı kimi Şoyqudan zəng gələcəyini göz altına almışdı. 

Amma qorxulu olan hələ bu deyildi. Zəngi bir yolla qulaqardına vurub irəliləmək olardı. Əgər həmin zəng sənin öz içindəkilərdən gəlməsəydi. Satqınlıq və xəyanətlər. Rusiya agentləri. 

Qorxulu Şoyqunun zəngi yox, onu çevirəndən sonra başımıza gələcəklər idi. Həm savaş cəbhəsində. Həm də ölkə içində. Xəyanətlər, məğlubiyyətlər, şəhidlər və etirazlar. 

Rusiyanın əsas silahları həm də bunlar olub həmişə. 2016-cı ilin apreli uzaqda deyil. Əvvəllər ondan da pis. Surətlər, Rəhimlər və s.

Bu dəfə bu işləmədi. Bu düymələr xarab oldu. Xeyli şəxslər öncədən uzaqlaşdırıldı. Xeyliləri savaş başlayan kimi təcrid edildilər rəhbərlikdən. 

Bunları İlham Əliyev etdi. Türklərin məsləhəti və yardımlarıyla. İştirakıyla. 

Türklərsiz bizim bu savaşı udmağımız çox çətin görünür mənə. Yəqin bütün bunlar gələcəkdə daha aydın açılacaq. 

Amma, deməyim odur ki, Şoyqunun bu düymələri sıradan çıxarılmışdı. 

O, Moskvada kompüter önündə oturub Qarabağda müharibə oyunu oynamaq imkanından məhrum edilmişdi. 

O səbəbdən də, bizi durdurmaq üşün xeyli vaxt və çaba lazım gəldi və biz bu vaxtdan maksimum səmərə ilə istifadə edib irəliləyə bildik. 

Biz bu torpaqları ermənilərdən daha çox ruslardan geri aldıq. 

Rusların sülhməramlı adıyla Qarabağa soxulmasından məyus olduq? Əlbəttə olduq. Yeni problemin içinə girdik? Əlbəttə.

Amma bu problemin əvvəlkindən daha ağır olduğunu düşünmək doğru deyil. 

Bizim 1990-cı il səviyyəsinə gəldiyimizi deyənlərlə də razı deyiləm. 

Ayrı zaman, ayrı şərtlərdir. 

Zamanın və şərtlərin tamam başqa olduğunu təsdiq edən başqa mühüm faktorları qoyuram bir tərəfə. 

Sadəcə onu qeyd edim ki, yanımızda Türkiyə var indi. Onun burada varlığını maksimum artırmalı və möhkəmləndirməliyik. 

İlham Əliyevin dediyi kimi Ordumuzu da Türk Ordusuna uyğun yenidən qurmalıyıq.

Sonda, bütün mövcud şərtlər daxilində Rusiyanın bölgəmizdə qalmasının uzun çəkməyəcəyini və əvvəlki kimi güclü və qatı neqativ rol oynaya bilməyəcəyini demək üçün xeyli əsaslar var. 
Bütün hallarda Rusiya ilə əməkdaşlığı nəinki azaltmalı, bizə səmərəli istiqamətlərdə artırmalıyıq.

Yeni dövr üçün daha güclü olmağımız gərəkir. Qarşımızda duran yeni hədəflər əvvəlkilərdən daha çox və çətindir. Həm də özəlliklə daxildən güclənməyimiz, güclü toplum və güclü dövlət olmağımız kimi vacib hədəf durur önümüzdə.

0