Almaniyadan çıxarılan ABŞ hərbi qüvvələri tezliklə Polşaya yerləşdirilə bilər.
Hit.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski RMF24 telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Polşa tərəfi hazırda ABŞ ilə regionda təhlükəsizliyin gücləndirilməsi məsələsini aktiv şəkildə müzakirə edir. Söhbət Polşa ərazisində ABŞ hərbçilərinin sayının əhəmiyyətli dərəcədə artırılmasından gedir.
Jurnalistlər Almaniyadan çıxarılan bölmələrin Polşaya gətirilib-gətirilməyəcəyini birbaşa soruşduqda, Zalevski konkret cavab verməkdən yayınıb.
“Biz Pentaqonla Polşada ABŞ hərbi mövcudluğunun artırılması barədə danışıqlar aparırıq. Mənim təsdiqləyə biləcəyim yeganə məsələ budur. ABŞ hərbçilərinin konkret olaraq hansı istiqamətdə yerləşdiriləcəyi ilə bağlı isə indi nə təsdiq, nə də təkzib edə bilmərəm. Bu barədə şərh vermək üçün vaxt deyil. Pentaqonun qərarını gözləməliyik”, deyə o bildirib.
Daha əvvəl bildirilib ki, Donald Tramp ilə Avropa liderləri arasında İranla müharibə ilə bağlı gərginlik fonunda ABŞ Almaniyadakı 5 min hərbçini geri çəkmək qərarı verib. Pentaqon NATO müttəfiqi olan Almaniyada kontingentin azaldılmasını təsdiqləyib.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu qərara münasibət bildirərək bunun gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı və ABŞ-dan asılılığı azaltmalıdır.
Samir


