“Son illərdə Azərbaycanın əlaqələrini inkişaf etdirdiyi ölkələrdən biri də İtaliyadır”.
Bu sözləri Azad Vətən Partiyası sədrinin müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır:
“Azərbaycan və İtaliya arasındakı münasibətlər sadəcə iki dövlət arasındakı diplomatik əlaqə deyil. Bu, həm də qədim İpək Yolu üzərində qurulmuş tarixi dostluğun modern dövrdə strateji tərəfdaşlıq zirvəsinə yüksəlməsidir. Hazırda tərəflər arasında bir çox sahədə əlaqələr ən yüksək səviyyədədir. Xüsusi vurğulamaq lazımdır ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, İtaliya ölkəmizin Avropada ən yaxın iqtisadi tərəfdaşıdır. Qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər və imzalanan sənədlər Bakı-Roma münasibətlərinin inkişafına səbəb olur”.
Ekspert qeyd edib ki, Azərbaycanla İtaliya arasındakı ən mühüm layihə TAP-dır:
“Bu əməkdaşlıq sayəsində də Azərbaycanla İtaliya etibarlı tərəfdaşlıq nümunəsi ortaya qoyublar. Azərbaycan İtaliyanın ən böyük xam neft tədarükçüsü və əsas qaz təchizatçılarından biridir. Məsələn, ötən il ölkəmiz TAP vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib. Hansı ki, bu da adıçəkilən ölkənin ümumi qaz idxalının təqribən 16 faizinə bərabərdir.
Ümumilikdə isə indiyə qədər TAP vasitəsilə İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı daşınıb. Əlbəttə ki, bütün bunlar kifayət qədər yüksək göstəricilərdir. Sözügedən rəqəmlər də öz növbəsində Azərbaycanın İtaliya üçün necə əhəmiyyətli bir tərəfdaş olduğunu bir daha sübut edir”.
Həmsöhbətimiz vurğulayıb ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin də Bakıya səfəri mühüm əhəmiyyət kəsb edir:
“Xanım Baş nazir sabah Azərbaycana səfər edəcək. Bu səfərin ikitərəfli əlaqələrə müsbət təsir edəcəyi və əməkdaşlığın daha da genişlənəcəyi proqnozlaşdırılır. Meloninin paytaxtımıza səfəri həm də iki ölkə arasındakı siyasi dialoqun da intensivləşdiyinin təzahürüdür. Hazırda siyasi, iqtisadi, mədəni, enerji, təhsil, nəqliyyat və humanitar sahələrdə geniş əlaqələr mövcuddur. Reallıq budur ki, Azərbaycan İtaliya üçün həm də Mərkəzi Asiyaya açılan çox əhəmiyyətli strateji qapı rolunu oynayır. Yəni bu geosiyasi əməkdaşlıq hər iki ölkə üçün çox vacibdir”.
Afiq Axundov vurğulayıb ki, 2015-ci ildə Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq sazişi imzalanıb:
“2018-ci ildə tərəflər Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında birgə Bəyannaməyə imza atıblar. Gördüyünüz kimi, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Üstəlik, bu əlaqələr illər keçdikdə daha da inkişaf edib. Həmçinin, cari ilin 13 yanvar tarixində Azərbaycanla İtaliya arasında 2026–2027-ci illər üzrə Birgə Fəaliyyət Planı qəbul olunub.
Plana əsasən, Azərbaycan və İtaliya arasında Hökumətlərarası Komissiyanın iclası çərçivəsində əməkdaşlığın 18 istiqaməti üzrə 65 tədbirin həyata keçiriləcək. Bütün bunlar Bakı-Roma əməkdaşlığın uzunmüddətli çərçivədə davam etdiriləcəyini deməyə əsas verir. Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişaf edəcəyi və iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə genişlənəcəyi proqnozlaşdırılır”.
Elmir Mustafa



