Britaniya müdafiə şirkətləri süni intellektlə təchiz olunmuş və hədəfləri müstəqil şəkildə aşkar edib zərbə endirə bilən avtonom dron sürüsünü sınaqdan keçirib.
Hit.az “The Telegraph”a istinadən xəbər verir ki, bu sınaqlar Böyük Britaniyanın Rusiya–Ukrayna müharibəsində sürətlə inkişaf edən hərbi texnologiyalara çatmaq cəhdini göstərir.
Məlumata görə, sistem cəmi dörd ay ərzində Britaniya müdafiə şirkətləri konsorsiumu tərəfindən hazırlanıb. Nümayiş zamanı səkkiz avtonom kvadrokopter “kollektiv şüur” prinsipi ilə birləşərək zirehli texnika koloniyasına zərbə simulyasiyası həyata keçirib.
Sistemin iş prinsipi
Ssenariyə əsasən, iki kəşfiyyat dronu əsas qrupdan əvvəl havaya qalxaraq hədəfləri axtarır. Texnika aşkar edildikdən sonra məlumat operatora ötürülür və o, hücumu təsdiqləyir. Daha sonra döyüş başlıqlı dronlardan biri zərbəni həyata keçirir, digərləri isə kəşfiyyatı davam etdirir.
Mütəxəssislər bildirirlər ki, bu model Ukrayna cəbhəsində artıq müşahidə olunan müasir döyüş taktikasına bənzəyir.
“Bu, müharibənin getdiyi istiqamətdir”, deyə şirkət nümayəndəsi Qay Heninqs Haar bildirib.
O əlavə edib ki, əsas narahatlıq bu texnologiyaların potensial rəqiblər tərəfindən çox sürətlə inkişaf etdirilməsidir.
Britaniyanın dron yarışında mövqeyi
Məqalədə qeyd olunur ki, Böyük Britaniya “sürü dron” texnologiyasında geriliyi aradan qaldırmağa çalışır. Bu sahədə Ukraynanın təcrübəsi isə mühüm rol oynayır və onu dünyada dron müharibəsi üzrə liderlərdən biri hesab edirlər.
Sınaqlar harada aparılıb
Sınaqlar Monmutşir qraflığının Aşk şəhəri yaxınlığında keçirilib. Mühəndislər sistemi komanda məntəqəsi rolunu oynayan yük maşınından izləyiblər. Dronlar özləri havaya qalxıb, maket tank və zirehli maşınların yerləşdiyi ərazini skan edib və operator təsdiqindən sonra simulyasiya hücumu həyata keçiriblər.
Layihənin gələcəyi
Britaniya komandası artıq 200-dən çox real uçuş və yüzlərlə simulyasiya həyata keçirib. Lakin layihənin gələcək taleyi hökumətin müdafiə investisiya planından asılıdır. Bu plan Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi arasında maliyyə mübahisələri səbəbilə gecikir.
Samir


