Deputat: “Azərbaycanda idmana göstərilən dövlət qayğısı ən yüksək səviyyədədir”

SİYASƏT
16:00 / 04.05.2026
154

“Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərlə Cənab Prezident İlham Əliyevin görüşü bir daha göstərdi ki, idmana göstərilən dövlət qayğısı ən yüksək səviyyədədir”.

Bunu açıqlamasında Hit.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, bu qələbə hamımız üçün həm sevindirici, həm də qürurverici bir hadisədir:


“Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsində də həyata keçirdiyi dövlət proqramları idmanımızın dünya səviyyəsində tanınmasına və Azərbaycanın idman ölkəsi kimi nailiyyətlər qazanmasına səbəb olub. Azərbaycan idmanının ümumi inkişafı göz qabağındadır. Bu inkişaf da idmançılarımızda qələbə əzmini formalaşdırır”.

Millət vəkili qeyd edib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir:
“Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Cənab Prezidentin Milli Olimpiya Komitəsinə də rəhbərlik etməsi idmançılarımız üçün həm məsuliyyət, həm də stimuldur. Reallıq bundan ibarətdir ki, artıq idman sahəsində də neçə nəsil dəyişib, amma hər dəfə Azərbaycan idmançıları müxtəlif idman növlərində öz qələbəsi ilə xalqı sevindirir”.

Vüqar İskəndərov vurğulayıb ki, bu, sağlam gəncliyin yetişməsi üçün bir nümunə rolunu oynayır:
“Ölkəmizdə keçirilən böyük idman tədbirləri, Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, MDB Oyunları idmanın inkişafına olan diqqət və qayğının göstəricisidir. Avropa çempionatında həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanması tarixi qələbədir”.

Elmir Mustafa
 

0