SİYASƏT
16:06 / 15.04.2021
760

Azərbaycanın anti-terror əməliyyatları keçirməsi üçün əli güclənir – TƏHLİL

Azərbaycanın anti-terror əməliyyatları keçirəcəyinə dair müxtəlif fikirlər səslənir.

2020-ci il 10 noyabr üçtərəfli bəyanata əsasən, sülhməramlı əməliyyatlarla paralel olaraq, Ermənistan qoşunlarını Azərbaycanın ərazisindən tam çıxarmalıdır.

Proseslərin gedişatındakı təzadlar, Ermənistan tərəfindən verilən qeyri-müəyyən və bəzən aqressiv bəyanatlar, Rusiya sülhməramlılarının fəaliyyətindəki qeyri-müəyyən məqamların erməni qoşunlarının çıxmamasına hesablandığını dəlalət edir.

Buna görə də, Qarabağ regionunda anti-terror əməliyyatları üçün kövrək zəminin yarandığını söyləmək olar.

İşğala son qoyulub, indi bəyanatın 4-cü bəndinə əsasən, erməni qoşunlarının sülhməramlıların nəzarətində olan bölgələrdən çıxarılması prosesinə başlanılmalıdır. Azərbaycan bu məsələdə prinsipiallıq və qətiyyət nümayiş etdirir, Ermənistanın rəsmi dairələrinin ictimaiyyət üçün açıqlanan bəyanatlarında isə qəribə bir sakitlik müşahidə edilir.

Azərbaycan Qarabağ münaqişəsinə nöqtə qoysa da, hərb variantını, anti-terror əməliyyatlarını gündəlikdən çıxarmayıb, əksinə müxtəlif qoşun növləri intensiv təlimlərə cəlb edilir. Burada Türkiyə ilə birgə təlimlərin keçirilməsi də diqqət çəkir.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə ötən gün parlamentdə çıxış edərkən yenə Dağlıq Qarabağ üçün status məsələsini gündəmə gətirib. İndi dəqiq bilmirik ki, bu, sırf daxili auditoriya üçün sakitləşdirici bəyanatdır və ya həqiqətən Paşinyanın öz istəyidir. Lakin bu tip bəyanatlar perspektiv üçün təxribatın miqyasının genişlənməsinə və Qarabağdakı qanunsuz silahlı birləşmələrin əl-qol açmasına rəvac verir.

Münaqişə bitdikdən sonra Azərbaycan ərazilərində olan qoşunları qanunsuz silahlı birləşmələr kateqoriyasına aid edilməlidir. Bu, elə işğal müddətində də belə idi, çünki qondarma, tanınmayan qurum hərbi kontingent yaradırsa, bu, qanunsuz silahlı birləşmələrdir.

Azərbaycan qanunvericiliyinə görə, qanunsuz silahlı birləşmələri və ya qrupları yaratma böyük məsuliyyət yaradır və bunun cəzası ağırdır.

Terror əleyhinə aparılan əməliyyatlar - terror aktlarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərk-silah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aktı nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlərdir.  

Bu mətn Azərbaycanın “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda yazılıb.

İndi Azərbaycanın anti-terror əməliyyatları üçün əli güclənir və bunun baş vermə ehtimalları çoxalır.

Çünki sülhməramlıların nəzarət etdiyi ərazilərdəki erməni qoşunlarının “statusuna” terrorçuluqdan başqa bir ad vermək olmaz. Azərbaycanın isə tamhüquqlu yurisdiksiyasını həyata keçirmək üçün həmin ərazilərdə terror əleyhinə əməliyyatlar keçirmək hüququ var.

Azərbaycanın “beyin mərkəzi” olan Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin mövqeyi də anti-terror əməliyyatlarına hazırlığın elan olunmasıdır.

Nikol Paşinyanın aprelin 14-də parlamentdə çıxış edərkən “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışması təcavüzkar ritorikanın davam etdirilməsi anlamına gəlir.

Cənab Şəfiyev isə qeyd edir ki, Azərbaycanın yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır.

Yəqin ki, Fərid Şəfiyev bu versiyanı təkcə nəzəri yox, həm də gələcək praktik addımlar kimi gündəmə gətirir.

Azərbaycan anti-terror əməliyyatlarını Türkiyə ilə birgə də apara bilər. İntensivləşən Türkyə-Azərbaycan birgə hərbi əməliyyatları da belə deməyə əsas verir. Ən əsası isə bunun ikitərəfli hüquqi bazası da mövcuddur.

Türkiyə ilə Azərbaycanın birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır, yəni iki dövlət arasında müqavilə var.

Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləyə (2010-cu ilin avqustun 16-da imzalanıb) nəzər yetirək.

Müqavilənin 2-ci maddəsinə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə edə bilər.

Sual oluna bilər ki, burada üçüncü dövlət kimdir? Təbii ki, Ermənistan, ən azından İrəvandan tirajlanan ritorika Ermənistanın Qarabağdakı terrorçu dəstələrə dəstəyini ifadə edir.

Ermənistan isə vaz keçmədiyi ərazi iddialarını məhz quldur tör-töküntülərin əli ilə daha da gücləndirir – bilərəkdən ya da bilməyərəkdən.

Çıxaracağımız nəticə budur ki, Azərbaycan 10 noyabr bəyanatının icrasına məhəl qoymayan Ermənistanı cəzalandırmaq üçün anti-terror əməliyyatlarını keçirə bilər.

0
oxu.az