İspaniyanın Arenilyas kəndində qeyri-adi təşəbbüs başladılıb – burada insanlara pulsuz mənzil təklif olunur və əlavə olaraq iş imkanı da yaradılır. Lakin müəyyən şərtlər mövcuddur, buna görə də bu təklifdən hər kəs yararlana bilməz.
Hit.az xəbər verir ki, “Polsatnews”un yazdığına görə, kənd Madrid şəhərindən 126 km məsafədə, Soriya əyalətində yerləşir.
Bu təklif qısa müddətdə müxtəlif ölkələrdən olan insanların diqqətini çəkib. Müraciətlərin miqyası hətta Arenilyas rəhbərliyini də təəccübləndirib.
“Kecə ərzində bizə minə yaxın məktub gəlir və bu, artıq iki həftədir davam edir. Əvvəlcə 500 müraciət aldıq və düşündük ki, bu normaldır. Amma indi artıq 7000–8000 məktub almışıq”, deyə kənd rəhbəri Sonya Tobaruela bildirib.
Bu addımın əsas səbəbi əhalinin azalmasıdır. Gənclər kəndi tərk edir və geri qayıtmır, qalan sakinlər arasında isə doğum səviyyəsi aşağı düşür.
Hazırda Arenilyasda təxminən 40 nəfər daimi yaşayır. Yay aylarında keçmiş sakinlərin istirahət üçün qayıtması ilə əhali artır.
Kənddə 7 bələdiyyə evi təmir olunub. Yerli hakimiyyət məktəb yaşlı uşaqları olan və burada daimi yaşamaq istəyən ailələri bu evlərə pulsuz yerləşdirməyə hazırdır. Yalnız kommunal xərclər ödənilməlidir.
Bunun müqabilində kəndin əsas ictimai məkanı sayılan barın idarə olunması təklif edilir. “Məqsəd kəndi canlandırmaq və mənzil qarşılığında barın fəaliyyətini təmin etməkdir”, deyə Tobaruela qeyd edib.
Ailələr məktəblə bağlı narahatlıq keçirməli deyil. Uşaqlar 20 km məsafədə yerləşən Berlanqa-de-Duero şəhərinə pulsuz nəqliyyatla aparılır. Bu xidmət regional hökumət tərəfindən maliyyələşdirilir. Kənddə həmçinin yüksək sürətli internet mövcuddur ki, bu da uzaqdan işləyənlər üçün əlavə üstünlükdür.
Bundan əlavə, daş ustaları üçün də iş yerləri var.
Maraqlanan şəxslər birbaşa bələdiyyə administrasiyası ilə əlaqə saxlamalıdır. Əlaqə məlumatları və müraciət forması Arenilyasın rəsmi saytında yerləşdirilib.
Müraciətdə ailə vəziyyəti, motivasiya və peşə təcrübəsi haqqında məlumat verilməlidir. İlkin seçim mərhələsindən keçən ailələr kəndə şəxsi səfərə dəvət olunacaq.
Samir


