Ermənistan ağır yükə çevrildi: Rusiya bu yükü daşıya biləcəkmi? - ŞƏRHLƏR

SİYASƏT
10:27 / 17.11.2021
953

Ermənistanın bir dövlət kimi mövcud olmasına Rusiyanın hər zaman həlledici dəstək verdiyi sirr deyil. Ölkə Rusiyanın ayırdığı kreditlərlə yaşayır, iqtisadiyyatı və ordusu tam Moskvanın nəzarəti altındadır.

Hit.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, ikinci Qarabağ savaşında biabırçı məğlubiyyətlə üzləşən, dünyadakı imici kəskin dəyişən Ermənistan indi Rusiya üçün əsl yükə çevrilib. Elə bu səbəbdən fikirlər səslənir ki, Kreml artıq bu yükdən qurtulmalı, Cənubi Qafqazda daha rasional siyasətə start verməlidir.

Qeyd edilən xüsusda artıq Rusiya mediasında konkret fikirlər də səslənir. Məsələn, Rusiyanın “ccbs.news” nəşri yazır: “2020-ci ilin payızında Qarabağda baş verən 44 günlük müharibənin nəticələri geosiyasi konfiqurasiyanı və regionda qüvvələr balansını dəyişib. Rusiyanın İrəvana birbaşa hərbi dəstək nümayiş etdirməsinə və Ermənistanın tam məğlubiyyətinin qarşısını almaq üçün müəyyən dərəcədə qüvvələr balansı yaratmağa çalışmasına baxmayaraq, hərbi kampaniyanın nəticəsi onun müttəfiqi üçün çox faciəvi idi və Cənubi Qafqazda erməni amili vasitəsilə Moskvanın strateji maraqlarını həyata keçirmək imkanlarının əhatə dairəsi daralmışdı. Bu baxımdan cənubda vəziyyətin daha da gərginləşməsi və zəif, resursları olmayan müttəfiqi dəstəkləmək Rusiya siyasi elitası tərəfindən vəsaitlərin yolverilməz israfı kimi qəbul edilir”.(mənbə: “Bakı-xəbər”).

Nəşr bildirir ki, Kreml daha Ermənistanın ayaqda qalması üçün vəsait sərf etmək niyyətində deyil. Bununla yanaşı, ona da diqqət çəkilir ki, Moskvanın indiyə kimi etdiklərinə baxmayaraq, Ermənistanda əsl anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür. Bundan başqa, Qarabağda ermənilərin fəaliyyəti getdikcə daha çox Rusiya sülhməramlı qüvvələrinin tənqid obyektinə çevrilməsinə hesablanıb. Bununla da ermənilər Rusiyanın nüfuzuna ciddi zərbə vurur. Azərbaycan hərbçilərinə qarşı Ermənistan vətəndaşının törətdiyi terrorun bir ucunun da Rusiya sülhməramlılarını da tutması İrəvanın Moskvadan artan narazılığı kimi izah edilir.

Rusiyalı ekspertlər açıq deyirlər ki, Ermənistanın dövlətçiliyinin təminatı üçün daha öncə heç bir erməni Rusiyaya minnətdar olmayıb, indi də minnətdar deyil və gələcəkdə də olmayacaq. Moskva Ermənistana maddi dəstəyi dayandırsa, İrəvanın çöküşü qaçılmaz olacaq. Çünki Rusiya elitası da artıq dönük Ermənistana inanmır. Bu arqumentləri bizim mütəxəssislər bölüşürmü? Moskva erməni yükündən azad olmaq istəyirmi, həqiqətən?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan tək Rusiyaya deyil, Qərbdə ermənipərəst siyasət yürüdən ölkələrə də yük olmaqdadır. Onun sözlərinə görə, bəzi Qərb analitikləri də bu fikri səsləndirirlər. X.Bəşirov hesab edir ki, ortaya qoyulan bu mövqe əsassız və səbəbsiz deyil: “Çünki Ermənistanın təcavüzkar siyasəti iflasa uğrayıb, özünü iqtisadi blokada salmasından sonra ona dəstək verənlərin üzünə ağ olub,  bu da İrəvanın ikiüzlü, riyakar siyasət aparmasını ortaya qoyur. Ümumiyyətlə, Ermənistan Qarabağ münaqişəsini qabartmaqla həmişə xaricdən yardım dilənib. Biz həmişə demişik ki, bu ölkə Rusiyanın forpostudur. Elə ikinci Qarabağ müharibəsində də erməniləri əlimizdən alan Rusiya oldu, üçtərəfli sazişlə ordumuzdan canlarını qurtardılar. Buna baxmayaraq, Ermənistan dövlətinin və cəmiyyətinin Rusiya əleyhinə fikirlər səsləndirməsi təbii ki, rus şərhçilərin belə qənaətə gəlməsinə səbəb olub”.

Ekspert nümunə kimi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mitinqlərdə, sonrakı dönəmdə Rusiya əleyhinə çıxışlar etməsi ilə fərqlənməsini göstərdi: “Yəni həm rus əleyhinə çıxış edirlər, həm rusdan yardım istəyirlər. Ona görə Rusiya ictimai rəyində fikir formalaşdırılır ki, Ermənistan yükündən xilas olmaq lazımdır. Çünki bu gün də sülhməramlılardan qalxan kimi istifadə edirlər. Ona görə 44 günlük müharibə münaqişənin həllinə gətirib çıxarmaqla yanaşı, Ermənistanın yarındığı bəzi qüvvələrin, həmçinin Rusiyanın reallığı dərk etməsinə səbəb oldu. Ermənistan nəinki münasibətlərini normallaşdırmaq istədiyini dilə gətirərək Türkiyə və Azərbaycana, ona qahmar çıxan ölkələrin də üzünə ağ olan dövlətdir”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli  söylədi ki, Ermənistan bir neçə il əvvəldən Rusiya üçün yükə çevrilməyə başlayıb. Partiya sədrinin fikrincə, əslində Moskva İrəvandan istifadə etməklə Cənubi Qafqazda möhkəmlənmək siyasəti həyata keçirir: “Lakin erməni cəmiyyətində Rusiyanı müharibənin nəticələrinə görə ittiham edirlər, antirus ovqatı hökm sürür, yəni ritorika tamamilə dəyişib. Ona görə Rusiya fikirləşməlidir ki, genişlənmə siyasəti aparmaq lazımdır, inteqrasiya etməlidir. Rusiya Ermənistana arxayınlaşıb Azərbaycanla münasibətləri pisləşdirməli deyil. Bu mənada rus təhlilçiləri qənaətə gəliblər ki, Ermənistan artıq yükdür, onu kəsib atmaq lazımdır. Sadəcə, Kreml Ermənistan üzərindən Cənubi Qafqaz siyasətini yürütdüyü üçün imtina etmir”. Q.Əlibəylinin sözlərinə görə, son günlər yaranan gərginlik, erməni tərəfinin hərbi təxribatları həm Ermənistanı, həm də həmsədr ölkələri qane edir: “Həmsədr ölkələrin bəyanatlarına baxmaq lazımdır. Rusiya bu gərginlik fonunda regionda daha da möhkəmlənmək istəyir, Ermənistan 10 noyabr bəyanatını icra etməkdən boyun qaçırmağa çalışır, Qərb isə bölgədə itirilmiş nüfuzunu bu yolla bərpa etməyə çalışır”.

Siyasi təhlilçi Ramiyə Məmmədova güman edir ki, Rusiya Ermənistan yükündən azad olmaq istəsə belə, mümkün deyil. Onun sözlərinə görə, bu halda İrəvan açıq şəkildə Qərbə doğru siyasətini sürətləndirəcək: “Paşinyan da bunu arzulayır ki, rus təsirindən tam qurtulsun və üzünü Avropaya, Amerikaya tutsun. Saakaşvilinin bu siyasətinin nəyin bahasına başa gəldiyini gördük. Paşinyan hakimiyyəti də Avroatlantik məkana inteqrasiyanı seçir, Avropa İttifaqından 2.6 milyard avro yardım gözlənilir, amma Moskvanın əlindən çıxa bilmir. Rusiya da bilir ki, Ermənistanın ayaqlarına vurduğu zənciri açsa, onu tamamilə itirə bilər. Ona görə Gürcüstanda rusmeylli qüvvələri hakimiyyətdə saxlamağa çalışır, Belarusu əldən vermir, çünki Ukrayna, Moldova kimi ölkələrdə qərbpərəstlər iqtidardadır. Gürcüstanda yolun yarısından qayıdırlar, müəyyən qədər dil tapıblar, Ermənistan da Moskvanın orbitindən uzaqlaşmaq istəyir, elə erməni cəmiyyətində anti-Putin ritorikası da ondan irəli gəlir, amma Kreml Cənubi Qafqazda hərbi bazası və aviabazası olan ölkəni tamamilə Qərbə yem etmək istəməz. Nəzərə alın ki, ABŞ-ın ən böyük diplomatik korpusu İrəvandadır və 2000 nəfər işçisi var. Rusiya anlayır ki, Amerika diplomatik bazasını burada qurub və Ermənistandan xilas nə ilə  nəticələnə bilər. O baxımdan Rusiya erməniləri cəzalandıra-cəzalandıra öz əsarətində saxlamağa və ondan istifadə etməyə çalışacaq”.

0