Ötən həftələrdə hantavirus bütün dünyada böyük qorxu yaratdı.
Ard-arda bir çox ölkədə bu virusa yoluxma qeydə alındı. Hətta onun koronavirus kimi pandemiyaya səbəb ola biləcəyi belə deyilirdi. Lakin geridə qalan günlərdə bu iddiaların güclü olmadığı ortaya çıxdı və adıçəkilən virus gündəmdən düşdü.
Maraqlıdır, hantavirus həqiqətən iddia olunduğu kimi pandemiyaya çevriləcək qədər riskli idi? Yoxsa sadəcə bir müddətlik yayılmış və geridə qalmış lokal virusdan bəhs edirik?
Mövzu ilə bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib.
O bildirib ki, hantavirus çoxdan var olan virusdur:
“Əsasən gəmiricilərdən insana keçir. Onların dişləməsi, ağız suyu, sidiyi və ifrazatları ilə insana yoluxa bilər. Əsasən ağciyərləri zədələyir, pulmonar sindrom verir. Həmçinin, nəcisdə olan hissəciklər havaya qarışdıqda insanlara nəfəs yolu vasitəsilə də keçə bilir. Onun əsas ötürülmə mənbəyi insanlar deyil, heyvanlardır. Məhz bu səbəbdən də ciddi pandemiyaya səbəb olmur”.
Həkim vurğulayıb ki, hantavirusun pandemiya yaratmaq qabiliyyəti çox azdır:
“Yəni COVID-19 kimi qlobal bir pandemiya yaratmaq xüsusiyyəti yoxdur. Çox güclü və effektiv olmadığı üçün pandemiyaya səbəb olacaq virus sayılmır. Daha dəqiq desək, çox lokal və zoonoz infeksiyadır. Ona görə də insanlar arasında yayılmağı hər zaman müşahidə olunan bir şey deyil”.
Lakin infeksionist qeyd edib ki, hantavirusla bağlı çox da rahat olmaq lazım deyil:
“Mütləq şəkildə gigiyenik qaydalara riayət edilməlidir. Bundan başqa, gəmiricilərin qidalara toxunmamasına fikir vermək mütləqdir. Diqqət etdikdə adıçəkilən virusa yolxuma ehtimalı çox aşağı düşür”.
Pərviz



