Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər maliyyə bazarlarında yeni çağırışlar yaradıb.
Beynəlxalq ticarət əlaqələrinin genişlənməsi, qlobal iqtisadi qərarlar və müxtəlif regionlarda müşahidə olunan siyasi hadisələr valyuta bazarlarına da təsirsiz ötüşmür. Bu dəyişikliklər nəticəsində müxtəlif ölkələrin pul vahidləri fərqli istiqamətlərdə hərəkət edir və bazarlarda yeni tendensiyalar formalaşır.
Belə şəraitdə xarici bazarlardan asılılıq səviyyəsi yüksək olan ölkələr üçün məzənnə dəyişikliklərinin izlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan da beynəlxalq ticarət əlaqələrində aktiv iştirak etdiyindən qlobal valyuta bazarlarında baş verən proseslər yerli iqtisadi mühitdə müəyyən təsirlər yaratma ehtimalı var. Xaricdən gətirilən məhsulların maya dəyəri, sahibkarların xərcləri, istehlak bazarındakı qiymət davranışları və ümumi iqtisadi aktivlik bu amillərdən müəyyən dərəcədə təsirlənə bilər.
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, hazırkı iqtisadi mənzərə valyuta bazarında sabitliyin davam etdiyini göstərir və yaxın dövrdə dolların məzənnəsində ciddi dəyişiklik ehtimalı aşağıdır:
“Müşahidə olunan göstəricilər manatın mövqeyinin qorunduğunu nümayiş etdirir. Buna görə də milli valyutanın dəyərində nə kəskin möhkəmlənmə, nə də ciddi zəifləmə gözləntiləri ön plandadır. Dolların hazırkı səviyyədən nəzərəçarpacaq dərəcədə ucuzlaşması üçün kifayət qədər əsas görünmür. Bununla belə, gələcəkdə məzənnə ilə bağlı qərarlar yenidən nəzərdən keçirilərsə, dəyişikliklərin istiqaməti daha çox milli valyutanın zəifləməsi ola bilər”.
Ekspertin fikrincə, xarici ticarətdən əldə etdiyi gəlirlər, dövlətin maliyyə imkanları və toplanmış valyuta ehtiyatları manatın dayanıqlığını təmin edən əsas amillər sırasındadır:
“Uzunmüddətli perspektivdə məzənnədə hər hansı korrektə baş verərsə, bu, ilk növbədə xaricdən gətirilən malların qiymətlərinə təsir göstərə bilər”.
Günel Cəlilova



