Gündəlik həyatımızda televizor, “YouTube” və ya “Netflix”i açanda qarşımıza minlərlə film, serial və sənədli ekran işi çıxır.
Hətta biz nəyə baxacağımızı seçənə qədər xeyli vaxt gedir. Bəzən də seçim edə bilmədiyimiz üçün ya əsəbi halda televizoru söndürür və ya gedib replikalarını əzbər bildiyiniz köhnə filmə yenidən baxırıq.
Bəs bunun səbəbi nədir?
Əsas səbəb seçim bolluğudur. Çünki müasir dünya bizə ömrümüz boyu eyni şeyi pıçıldayır: “Nə qədər çox seçimin varsa, o qədər azadsan və bir o qədər xoşbəxt olacaqsan”. Hərçənd ki, psixologiya elmi bunun tam əksini sübut edir. Yəni müəyyən bir həddən sonra variantların çoxluğu bizə azadlıq deyil, zehni yorğunluq, stress və peşmançılıq gətirir.
Seçim paradoksu nəzəriyyəsinə görə, variantlar artdıqca bizim o qərardan məmnun qalma ehtimalımız aşağı düşür. Niyə? Çünki mağazada cəmi iki növ şalvar varsa və siz birini seçirsinizsə, ağlınız digərində qalmır. Lakin qarşınızda 50 fərqli model, rəng və kəsim varsa, siz ən yaxşısını seçsəniz belə, evə qayıdanda içinizi bir şübhə gəmirir: “Bəlkə o biri mağazadakı, küncdə qalan o 12-ci model mənə daha yaxşı yaraşardı?”.
Bu gün sadəcə bir köynək alarkən və restoranda yemək sifariş edərkən belə eyni tələyə düşürük. Əlimizdəkinin dadını çıxarmaq əvəzinə, imtina etdiyimiz digər yüzlərlə variantın “əldən qaçan fürsət” peşmançılığını yaşayırıq.
Sosial psixologiyada insanları qərar vermə mexanizminə görə iki qrupa bölürlər: Maksimalistlər və qənaətkarlar.
Qənaətkarlar öz kriteriyalarına uyğun gələn ilk “yaxşı” variantı tapan kimi qərar verir və yollarına davam edirlər. Maksimalistlər isə mükəmməlin axtarışındadırlar. Onlar bazardakı bütün variantları araşdırmadan, hər şeyi müqayisə etmədən rahat ola bilmirlər. Müasir rəqəmsal dünya hamımızı məcburi maksimalistə çevirir. İnternet bizə hər şeyin “ən yaxşısını” tapmaq imkanı verir. Nəticədə, sadə bir tozsoran almaq üçün günlərlə rəylər oxuyur, videolar izləyirik. Biz qərar vermirik, analiz içində boğuluruq.
Ümumiyyətlə, hər insanın gün ərzində verə biləcəyi keyfiyyətli qərarların müəyyən bir limiti var. Buna qərar yorğunluğu deyilir. Səhər durduğumuz andan etibarən beynimiz yüzlərlə mikro-qərar verir: Hansı kofeni içim? Hansı yolla işə gedim? Lakin seçim bolluğu bu zehni enerjimizi çox sürətlə tükədir. Günün sonunda beynimizin enerjisi bitdiyi üçün, artıq ən sadə mövzularda belə qətiyyətli ola bilmirik.
Halbuki həqiqi azadlıq hər şeyə sahib olmaq və ya sonsuz variantlar arasında var-gəl etmək deyil.
Həqiqi azadlıq özümüzə sərhədlər qoya bilmək bacarığıdır. Məsələn, Stiv Cobsun hər gün qara rəngli köynəyi geyinməsi bir dəb deyil, səhər tezdən qərar vermə enerjisinə qənaət etmək strategiyası idi.
Həyatı asanlaşdırmaq və bu iflicdən xilas olmaq üçün bəzən “ən mükəmməli” deyil, kifayət qədər yaxşı olanı seçib digər qapıları arxada bağlamağı öyrənməliyik. Çünki xoşbəxtlik seçdiyimiz variantın mükəmməlliyində deyil, o seçimin arxasında dura bilmək hüzurunda gizlənir...
Pərviz Şimşək


