İllərin problemi: “Namus” cinayətləri

KÖŞƏ YAZILARI
15:00 / 08.06.2026
45

Son illər Azərbaycanda ailə münasibətləri fonunda baş verən ağır cinayət hadisələrinin sayı cəmiyyətdə ciddi narahatlıq doğurur. 

Müxtəlif səbəblərlə yaranan ailədaxili gərginliklər bəzən faciəvi nəticələrə gətirib çıxarır. İnsanlar arasında zorakılıq halları və qarşıdurmalar daha çox diqqət çəkməyə başlayır.

Xüsusilə qısqanclıq, etimadsızlıq və münasibətlərdə yaranan münaqişələr bəzi hallarda ağır cinayətlərlə nəticələnir. Bu cür hadisələrdə ailə üzvlərinin bir-birinə qarşı zor tətbiq etməsi, hətta ölümə səbəb olan əməllərə əl atması cəmiyyətin üzləşdiyi ciddi problemlərdən biri sayılır. 

Təəssüf ki, bu kimi hadisələrdə ailələr baş vermiş cinayətə haqq qazandırmaq üçün “namus cinayəti” adı verir. Onlara görə namus üstündə qadın öldürülübsə, “o bunu haqq edib” və “həbs olunsa belə ona heç kim söz deyə bilməz” fikirləri yayılıb. 

Əslində, bu kimi hadisələr sadəcə bir cinayət deyil, bütöv bir gələcəyin, günahsız qəlblərin qəddarcasına məhv edilməsidir. Bu dəhşətin doğuracağı fəsadlar illər keçsə də, uşaqların ruhundan silinməyəcək. Bir uşağın anasının öz atası, yaxınları tərəfindən qətlə yetirilməsi, ömür boyu sağalmayacaq ən ağır yaradır. O qanlı, qorxunc mənzərə uşaqların xəyal dünyasından heç vaxt silinməyəcək, hər gecə kabus tək kabus kimi onların yuxularına girəcək.

Hələ həyatı tanımayan, ruhu bərkiməyən o məsum balalar bu ağır yükün altında əzilməyə məhkumdur. Onlar axı hələ uşaqdırlar, həyatın belə qəddar zərbələrinə necə sinə gərsinlər? Dünyaya, insanlara olan bütün inamları bir andaca puç olan bu uşaqlar, gələcəkdə ətrafa nifrət və aqressiya qusa bilərlər. 

Heç kimin onları qorumadığını, bu dünyada tək-tənha qaldıqlarını düşündükcə, daxillərindəki qorxu onları cinayət bataqlığına doğru çəkə bilər. Üstəlik, hər bir insanın ağrıya cavabı eyni olmur...

Günel Cəlilova
 

0