Şagirdlər üçün sosial şəbəkələr qadağan olunur

TƏHSİL
12:34 / 11.06.2026
116

Uzun illərdir təhsil müəssisələrində, məktəblərdə sosial şəbəkələrə girişin qadağan olunması müzakirə olunurdu. 

Artıq məktəblərdə populyar sosial şəbəkə olan “TikTok” platformasından istifadə qadağan edilib, təhsil müəssisələrində internetə çıxış imkanları ümumi şəkildə məhdudlaşdırılıb.

Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu barədə parlamentin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında məlumat verib. Nazir müavini bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bu addımın vacibliyi vurğulanıb. 

Soisoloq Üzeyir Şəfiyev Hit.az-a açıqlamasında deyib ki, uşaqların sosial şəbəkələrdə qarşılaşdığı interaktiv məzmunlar hər zaman onların inkişafına faydalı təsir göstərmir, əksinə, bəzi hallarda mənfi nəticələr də doğura bilər: 

401579

“Bu səbəbdən valideynlərin uşaqların rəqəmsal fəaliyyətinə diqqət yetirməsi və müəyyən çərçivədə nəzarət etməsi mühüm əhəmiyyət daşıyır. Əgər bu nəzarəti birbaşa valideyn həyata keçirə bilmirsə, həmin məsuliyyət vəziyyətdən asılı olaraq qəyyumların, sosial xidmət orqanlarının və ya təhsil müəssisələrinin üzərinə düşməlidir ki, uşaqlar zərərli və uyğun olmayan məlumatlardan qoruna bilsinlər.

Belə yanaşma uşaqların və yeniyetmələrin sosial mühitə adaptasiya prosesində yarana biləcək risklərin azalmasına şərait yaradır. Nəticədə, rəqəmsal vasitələrdən düzgün istifadə edilməsi və informasiya axınının daha sağlam tənzimlənməsi təhlükəsiz onlayn mühitin formalaşmasına töhfə verir”.

Sosioloqun fikrincə, rəqəmsal mühit artıq sadəcə ünsiyyət platforması deyil, uşağın düşüncə tərzini və dünyanı qavrama formasını formalaşdıran geniş bir sistemdir:

“Bu sistemin nəzarətsiz qalması azadlıq deyil, əksinə, uşağın müdafiəsiz qalmasına gətirib çıxarır. Uşağı virtual mühitdə tam sərbəst buraxıb sonradan yaranan problemlərə təəccüblənmək məsuliyyətin gecikmiş formasıdır”.
 
Günel Cəlilova

0