Şagirdi alçaldan müəllimin cəzası pul cəriməsi olmalıdır?

TƏHSİL
11:55 / 10.06.2026
132

Azərbaycanda məktəblərdə baş verən bəzi hadisələr yenidən müəllim məsuliyyəti məsələsini gündəmə gətirib. 

Məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində bir müəllim şagirdə qarşı kobud davranış nümayiş etdirib. Paytaxtdakı məktəblərdən birində isə müəllimin şagirdi alçaldan hərəkətlər etdiyi iddia olunur. Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, azyaşlılara qarşı fiziki və ya mənəvi təzyiq göstərən şəxslər inzibati qaydada cərimələnə bilərlər.

Bəs belə vəziyyətlərdə yalnız pul cəriməsinin tətbiqi nə dərəcədə effektivdir? 

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, müəllim peşəsini seçən insan bu fəaliyyət sahəsinin yüksək dözümlülük və özünənəzarət tələb edən sahə olduğunu bilməlidir:

401473

“Tədris prosesində qarşıya çıxan çətinliklər emosional reaksiyalarla deyil, pedaqoji bacarıq və peşəkarlıqla idarə olunmalıdır. Şagirdə qarşı hər hansı təhqir, təzyiq və ya zorakılıq yolverilməz hesab olunur və belə halların hüquqi nəticələri ola bilər. Araşdırmaların yekunundan asılı olaraq, qayda pozuntusuna yol vermiş şəxslər barədə ciddi intizam tədbirlərinin görülməsi mümkündür”.

Ekspertin sözlərinə görə, şagird nə qədər qayda pozuntusuna yol versə belə, müəllimin vəzifəsi nümunəvi davranış sərgiləmək və vəziyyəti gərginləşdirmədən idarə etməkdir: 

“Belə hallarda ən səmərəli çıxış yolu bütün tərəflərin iştirakı ilə konstruktiv dialoq qurmaq və problemin səbəblərini birlikdə aradan qaldırmağa çalışmaqdır”.

Günel Cəlilova

0