Azərbaycanda 16 yaşından kiçik yeniyetmələrin sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi təklif olunur.
Bu məsələ Milli Məclisin komitələrinin birgə iclasında geniş müzakirəyə çıxarılıb. Sözügedən təşəbbüs ilk növbədə azyaşlıların virtual mühitdəki təhlükəsizliyini təmin etmək və onları zərərli məzmunlardan qorumaq məqsədi daşıyır. Hamını maraqlandıran əsas məsələ isə bu qadağanın uşaqların internet vərdişlərində və rəqəmsal ekosistemdə nələri dəyişəcəyidir.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, son illərdə sosial şəbəkələr uşaqların və yeniyetmələrin həyatının ayrılmaz hissəsinə çevrilib:
“Xüsusilə “TikTok”, “Instagram”, “Facebook” və digər platformalarda saatlarla vaxt keçirən azyaşlıların sayı artır. Erkən yaşlarda sosial mediadan nəzarətsiz istifadə psixoloji sağlamlıq, təhsil göstəriciləri və sosial münasibətlər baxımından müəyyən risklər yaradır. Məhz bu səbəbdən dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Dünyanın bir neçə ölkələrində yaş senzinin müəyyənləşdirilməsi, valideyn razılığının tələb olunması və platformalar üzərində nəzarətin gücləndirilməsi istiqamətində addımlar atılıb”.

O qeyd edib ki, Azərbaycanın da bu istiqamətdə müzakirələr aparması qlobal tendensiyanın bir hissəsi kimi qiymətləndirilə bilər:
“Əgər təklif qanunvericilik səviyyəsində qəbul edilərsə, ilk növbədə sosial şəbəkələrdə qeydiyyat qaydalarında dəyişikliklər baş verə bilər. Platformalar istifadəçilərin yaşını daha ciddi şəkildə yoxlamaq məcburiyyətində qala bilər. Bu isə sadəcə doğum tarixini dəyişməklə hesab açmağın qarşısını qismən ala bilər. Digər mühüm məqam isə valideyn nəzarətinin güclənməsidir”.
N.İsmayılovanın sözlərinə görə, uşaqların internet fəaliyyətinə nəzarətin artırılması onların kibertəqib, onlayn zorakılıq, dələduzluq və zərərli məzmunlarla qarşılaşma riskini azaldacaq:
“Eyni zamanda, sosial mediada həddindən artıq vaxt keçirməyin qarşısının alınması təhsil prosesinə və diqqət toplama qabiliyyətinə müsbət təsir göstərəcək. Sosial media yalnız əyləncə vasitəsi deyil, həm də məlumat əldə etmək, öyrənmək və ünsiyyət qurmaq üçün istifadə olunan platformadır.
Problemin həlli yalnız qadağalarda deyil, rəqəmsal savadlılığın artırılmasında, valideynlərin maarifləndirilməsində və uşaqlara təhlükəsiz internet davranışlarının öyrədilməsindədir. Uşaqların texnologiyadan tam uzaqlaşdırılması deyil, ondan düzgün istifadə bacarıqlarının formalaşdırılması daha vacibdir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə hesab yaratmasının qadağan olunması ilə bağlı təşəbbüs Azərbaycan cəmiyyətində yeni müzakirələrə yol açıb:
“Qərarın qəbul olunub-olunmayacağından asılı olmayaraq, bir məsələ aydındır: rəqəmsal dövrdə uşaqların təhlükəsizliyi həm dövlətin, həm valideynlərin, həm də texnologiya şirkətlərinin qarşısında duran ən vacib vəzifələrdən biridir. Bu müzakirələr isə gələcək nəsillərin internet mühitində daha təhlükəsiz şəkildə böyüməsi üçün yeni yanaşmaların formalaşmasına təkan verə bilər”.
Günel Cəlilova


