Torpaq analizi necə həyata keçirilir?

ÖLKƏ
14:41 / 10.06.2026
107

Məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından səmərəli istifadə üçün torpaq analizinin aparılması mühüm şərtlərdən biri hesab olunur. 

Torpağın tərkibi, qida maddələri ilə təminatı, duzluluq səviyyəsi və digər göstəricilər barədə dəqiq məlumat əldə etmədən düzgün gübrələmə və əkin planı hazırlamaq mümkün deyil.

Bəs torpaq analizi nə üçün vacibdir? Analiz zamanı hansı göstəricilər müəyyənləşdirilir və bu proses necə həyata keçirilir? Torpaq müayinələrinin fermerlərə və kənd təsərrüfatı istehsalçılarına verdiyi üstünlüklər nələrdir?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, torpaq analizlərinin aparılması olduqca vacib məsələdir: 

401497

“Torpaq analizlərinə xərclənən vəsait əslində xərc deyil, investisiyadır. Qabaqcıl idarəetmə sistemlərinin tətbiq olunduğu layihələrdə də bunu aydın şəkildə görmək mümkündür. Məhsulunu Amerika və Avropa İttifaqı bazarlarına çıxarmaq istəyən istehsalçılar beynəlxalq standartların tələblərinə əməl etməlidirlər.

Bu standartlara əsasən, gübrə və pestisidlərin istifadəsində icazə verilən limitlərə riayət edilməli, məhsul yüksək keyfiyyətə və əmtəə görünüşünə malik olmalıdır. Eyni zamanda, istehsalçının mənfəət əldə etmək üçün yüksək məhsuldarlığa nail olması lazımdır”. 

Həmsöhbətimizin dediyinə görə, beynəlxalq təcrübəyə əsasən torpaq analizlərinin nəticələrinə əsaslanan gübrələmə və bitki mühafizəsi proqramları məhsuldarlığın artmasına mühüm təsir göstərir: 

“Müasir kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etmək üçün torpağın vəziyyəti, keyfiyyəti və tərkibindəki qida elementlərinin səviyyəsi mütəmadi olaraq öyrənilməlidir. Fermer üçün torpaq analizi həkimin xəstəyə qoyduğu diaqnoz kimidir. Torpağın xüsusiyyətlərinə uyğun bitki növlərinin seçilməsi məhsuldarlığın və gəlirliliyin artmasına şərait yaradır.

Beynəlxalq təcrübəyə görə, taxıl əkin sahələri hər 2-3 ildən bir torpaq analizindən keçirilməlidir. İntensiv tərəvəzçilikdə istifadə olunan torpaqlar isə hər il kimyəvi və mikrobioloji analizlərdən keçirilməli, onların tərkibindəki elementlər mütləq şəkildə araşdırılmalıdır”.

Günel Cəlilova

0