“Azərbaycanda hələ də oğlanların özlərindən böyük xanımları sevməsinə, evlənməsinə pis baxırlar. Lakin qızların özlərindən böyük oğlanlarla evlənməsi normal qarşılanır”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“Əslində buna Azərbaycan cəmiyyətində daha çox stereotip və ənənə prizmasından baxılmalıdır. Çünki uzun illər boyunca “kişi xanımından böyük olmalıdır” kimi düşüncə olub. Nəticədə, bu düşüncə normallaşdırılıb və insanların beynində münasibətin artıq “doğru forması” kimi yerləşdirilib. Ona görə də oğlanların özlərindən böyük qadını sevməsi insanlarda avtomatik olaraq qəribə, uyğunsuz və doğru olmayan yanaşma kimi qəbul edilir”.
Ekspert onu da qeyd edib ki, cəmiyyətdə münasibətlərdə kişinin hər zaman dominant və təcrübəli olması kimi fikir də formalaşıb:
“Qadın kişidən böyük olanda isə artıq psixoloji olaraq şüuraltıda həmin “ənənəvi kişi obrazının” öz rolunu itirməsi barədə düşüncə yaranır. Yəni burada problem yaş fərqindən çox insanların münasibətlərə qoyduğu rollarla bağlıdır. Çünki bir qız özündən böyük bəylə münasibətdə olduğu zaman bu cəmiyyətdə doğru seçim kimi qəbul olunur”.
Həmsöhbətimizin sözlərinə görə, biz burada təkcə yaş faktoruna baxmamalıyıq:
“Çünki yaş faktordan daha çox cütlüklər arasındakı uyğunluqdur. Bir-birlərinə qarşı hörmət, diqqət və qayğı hörmət olması hər şeydən daha vacibdir. Bir münasibətlərdə emosional uyğunluq, hörmət və sevgi varsa artıq burada yaşa yox, emosional enerjiyə baxmalıyıq. Bir-birlərinə qarşı yanaşmaya nəzər yetirməliyik.
Unutmayaq ki, xanımlarından böyük olan bəzi bəylərin münasibəti uyğunsuzluq səbəbilə yaxşı olmur. Yəni xanım və ya bəyin böyük olmasından asılı olmayaraq, bir-birlərinə uyğun gəlməyə bilərlər. Əsas olan yaşın deyil, xasiyyətin, xarakterin, sözlərin və düşüncələrin bir-birlərinə uyğun gəlməsidir”.
Nabat Mirzəyeva söyləyib ki, oğlanların özlərindən böyük qızlarla münasibətdə olması qeyri-adi seçim kimi görünür:
“Ətrafdakı insanlar bunu qeyri-adi seçim kimi gördükləri üçün onlara mənfi reaksiya verə bilirlər. Təəssüf ki, insanlar onların bir-birinə emosional olaraq uyğun olduqlarına və ya sevgilərinə deyil, aralarındakı yaş fərqlərinə baxırlar. Hətta bunu milli mentalitetə zidd hesab edirlər. Ancaq münasibətə olan iki insanın psixoloji rahatlığı, bir-birinə uyğunluğu və düşüncə tərzləri daha önəmlidir”.
Pərviz



