Bu dəyişiklik balıqçılıq sahəsini İNKİŞAF ETDİRƏCƏK

ÖLKƏ
11:14 / 09.06.2026
95

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib. 

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər. 

Bunun qeyd edilən müəssisələrin güzəştli kredit ala bilməsi aqrar sahənin inkişafına müsbət təsir edəcəyi proqnozlaşdırılır.

Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar məsələlər üzrə ekspert Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, balıqçılıq müəssisələrinin də AKİA xətti ilə güzəştli kreditlərdən yararlana bilməsi aqrar sektorun inkişafı baxımından mühüm addım hesab oluna bilər:

“Bu qərar ilk növbədə balıqçılıq təsərrüfatlarının maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və onların istehsal gücünü artırmasına şərait yaradacaq. Güzəştli kreditlər hesabına müəssisələr yeni texnologiyalar tətbiq edə, müasir avadanlıqlar əldə edə, süni balıq yetişdirmə təsərrüfatlarını genişləndirə və istehsal xərclərini optimallaşdıra biləcəklər. 

Bu isə məhsuldarlığın yüksəlməsinə və daxili bazarın yerli balıq məhsulları ilə daha yaxşı təmin olunmasına kömək edəcək. Həmçinin, bu qərar aqrar sektorun şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycanda kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq istiqamətlərində inkişaf etsə də, balıqçılıq və akvakultura sahəsi hələ də böyük potensiala malikdir”. 

Ekspertin fikrincə, maliyyə dəstəyinin artması bu sahəyə yeni investisiyaların cəlb olunmasını sürətləndirə bilər: 

“Digər mühüm məqam idxaldan asılılığın azaldılmasıdır. Yerli istehsalın genişlənməsi nəticəsində bazarda yerli balıq məhsullarının payı arta bilər ki, bu da ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir. Eyni zamanda, istehsal həcmlərinin artması gələcəkdə ixrac imkanlarını da genişləndirə bilər”.

A.Nəsirlinin dediyinə görə, bu qərarın regionların inkişafına da müsbət təsir göstərəcəyi gözlənilir:

“Balıqçılıq təsərrüfatlarının genişlənməsi yeni iş yerlərinin açılmasına, kənd yerlərində məşğulluğun artmasına və yerli əhalinin gəlirlərinin yüksəlməsinə şərait yarada bilər. Bununla yanaşı, güzəştli kreditlərin real nəticə verməsi üçün vəsaitlərin səmərəli istifadəsi, müasir idarəetmə metodlarının tətbiqi və ekoloji tələblərə riayət olunması da vacibdir. 

Bu şərtlər təmin olunarsa, balıqçılıq müəssisələrinin kreditləşdirilməsi həm aqrar sektorun diversifikasiyasına, həm də ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verə bilər”.

Günel Cəlilova

0