Sosial media platformaları insanların gündəlik fəaliyyəti barədə kifayət qədər məlumat əldə etməyə imkan yaradır.
Burada istifadəçilərin həyat tərzi, istirahət məkanları və sosial əlaqələri açıq şəkildə görünür. Bu gün bir çox insan şəxsi həyatının müxtəlif məqamlarını internet üzərindən paylaşmağa üstünlük verir.
Nəticədə onların izləyiciləri gündəlik rutinləri, maraqları və yaşam tərzi haqqında məlumat sahibi olurlar. Məşhur simaların, blogerlərin və influencerlərin şəxsi həyatı geniş auditoriyanın diqqətini cəlb edə bilər. Lakin sosial şəbəkələrdə tanınmayan, hər hansı ictimai fəaliyyəti ilə seçilməyən şəxslər də gün ərzində etdikləri demək olar ki, hər addımı paylaşırlar.
Yedikləri yeməklərdən tutmuş getdikləri məkanlara, aldıqları hədiyyələrdən ailə həyatlarına qədər hər detalı nümayiş etdirmələri bəzi istifadəçilər tərəfindən xoş qarşılanmır və narazılıq yaradır.
Qeyd etdiyimiz kimi, məşhur sima və ya bloqqer olmasalar da, həyatlarının demək olar ki, hər anını sosial şəbəkələrdə paylaşan insanların sayının artması müasir dövrün sosial-psixoloji xüsusiyyətləri ilə bağlıdır. Bunun əsas səbəblərindən biri insanların görünmək, diqqət çəkmək və sosial təsdiq almaq ehtiyacıdır.
Sosial şəbəkələr istifadəçilərə öz həyatlarını nümayiş etdirmək, gündəlik fəaliyyətlərini başqaları ilə bölüşmək və bunun müqabilində bəyənmə, şərh və reaksiya əldə etmək imkanı yaradır.
Digər tərəfdən, sosial media bir çox insan üçün özünüifadə vasitəsinə çevrilib. İnsanlar harada olduqlarını, nə yediklərini, kimlə görüşdüklərini və ya gün ərzində hansı işlə məşğul olduqlarını paylaşmaqla öz həyat tərzlərini nümayiş etdirməyə çalışırlar. Bu davranış bəzən sosial status göstərmək, bəzən isə sadəcə başqaları ilə əlaqədə qalmaq istəyi ilə bağlı olur...
Günel Cəlilova


