“Polyanna sindromu insanın həyatdakı mənfi tərəfləri görməkdən qaçaraq hər şeyə həddindən artıq müsbət baxmağa çalışması ilə xarakterizə olunur”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında Polyanna sindromu haqqında danışarkən deyib.
O bildirib ki, bu anlayış adını həmişə hər vəziyyətdə yaxşı tərəf tapmağa çalışan Polyanna adlı ədəbi obrazdan götürür:
“İlk baxışda müsbət düşünmək sağlam xüsusiyyət kimi görünsə də, reallığın ağrılı hissələrini inkar etmək səviyyəsinə çatdıqda psixoloji problemə çevrilə bilər. Əslində, bu sindromun yaranmasının müxtəlif səbəbləri var.
Bəzi insanlar uşaqlıq dövründə kədər, qəzəb və ya qorxu kimi emosiyalarını ifadə etdikdə tənqid olunduqları üçün yalnız “yaxşı” hisslər göstərməyə öyrəşirlər. Bəzən isə insan çətin həyat hadisələri ilə üzləşməkdən qorxduğu üçün özünü qoruma mexanizmi kimi həddindən artıq pozitivliyə sığınır”.
Ekspert qeyd edib ki, belə hallarda müsbət düşüncə daxili ağrını hiss etməmək üçün istifadə edilən psixoloji müdafiə mexanizminə çevrilir:
“Polyanna sindromundan əziyyət çəkən insanlar tez-tez problemləri kiçildir, mənfi emosiyaları qəbul etməkdə çətinlik çəkir və başqalarının ağrısını da “hər şey yaxşı olacaq” kimi ifadələrlə keçişdirə bilirlər. Onlar öz qəzəblərini, məyusluqlarını və ya incikliklərini hiss etməyə icazə vermədikləri üçün zamanla daxili gərginlik, emosional yorğunluq və hətta narahatlıq pozuntuları inkişaf edə bilər”.
Zəhra Zahidova vurğulayıb ki, bu vəziyyətdən çıxışın ilk addımı bütün emosiyaların normal olduğunu qəbul etməkdir:
“Kədər, qorxu, qəzəb və xəyal qırıqlığı da insan psixikasının təbii hissələridir. Məqsəd yalnız xoş emosiyalar yaşamaq deyil, bütün emosiyaları sağlam şəkildə yaşaya bilməkdir. İnsan özünə “Mən indi həqiqətən nə hiss edirəm?” sualını verməyi öyrənməlidir. Çətin hadisələrlə qarşılaşdıqda dərhal müsbət tərəf axtarmaq əvəzinə əvvəlcə ağrını, məyusluğu və narahatlığı qəbul etmək vacibdir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, psixoloji yanaşmada məqsəd neqativ düşünmək deyil, realist düşünməkdir:
“Sağlam psixoloji vəziyyət insanın həm müsbət, həm də mənfi tərəfləri görə bilməsi, reallığı olduğu kimi qəbul etməsi və emosiyalarını inkar etmədən yaşaya bilməsidir. Həqiqi psixoloji güc hər şeyin yaxşı olduğunu özünə təlqin etməkdə deyil, həyatın həm yaxşı, həm də çətin tərəfləri ilə üzləşə bilməkdədir”.
Pərviz



