Gənclər arasında deizm və ateizmin yayılmasının SƏBƏBİ

SOSİAL
13:07 / 10.06.2026
178

Son illərdə dünyada olduğu kimi, Azərbaycanda da gənclər arasında deizm, aqnostisizm və ateizmə marağın artdığı barədə fikirlər səsləndirilir. 

Xüsusilə internetin və sosial şəbəkələrin geniş yayılması nəticəsində gənclər müxtəlif dini, fəlsəfi və ideoloji baxışlarla daha asan tanış olur, fərqli düşüncə tərzlərini müqayisə etmək imkanı qazanırlar. Bu tendensiyanın yaranmasına təsir edən amillər sırasında qloballaşma, informasiya bolluğu, dini biliklərin səthi olması, bəzi hallarda dinin yanlış təqdim edilməsi və gənclərin suallarına onları qane edən cavabların verilməməsi mühüm yer tutur. 

Bəzi gənclər ənənəvi dini yanaşmaların müasir dövrün problemlərinə adekvat cavab vermədiyini düşündükləri üçün alternativ baxışlara yönəlirlər. Digər tərəfdən, dinə münasibətdə formalaşan stereotiplər, dini mövzularda aqressiv və ya qadağa xarakterli yanaşmalar da müəyyən gənclərin dindən uzaqlaşmasına səbəb ola bilir. 

Bəs din xadimləri gənclərin dilini tapmaqda hansı maneələrlə qarşılaşırlar? Onların istifadə etdiyi üsullar və ünsiyyət formaları bugünkü gənclərin gözləntilərinə nə dərəcədə cavab verir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, deizm və ateizmin gənclər arasında yayılmasının başlıca səbəbi dinin düzgün anladılmaması, orta əsrlərə xas bəsit metodlarla təbliği və xüsusən də dində reforma icazə verilməməsidir: 

“Yəni, islahat aparılmayan din mütləq xurafatın, mövhumatın cənginə düşür, təhrif olunur, bayağılaşır və zamanla ayaqlaşmır. Müasir gənclər də belə bir inancı qəbullana bilmirlər. İstismarçı ruhani sinfi xalqı istismar etmək, nəzir toplamaq, dəfnlərdən pul almaq, kəbin kəsib maddiyyat əldə etmək üçün dinin reforma getməsinin qarşısını alıb, xurafatı təbliğ edib. Müasir gənclər əsasən ağıl və məntiq yürüdürlər. Əslində onlar əsl dini, həqiqi inancı rədd etmirlər, onlar mollaların təqdim etdiyi, bu gün din adı ilə ortada olan xurafatı rədd edirlər”.

Həmsöhbətimiz qeyd edib ki, bəzi din xadimlərinin çoxu xaricdəki müctəhidlərə təqlid edir:

“Yəni, öz müstəqil fikirləri yoxdur. Əsasən də əksəriyyəti məzhəb söhbətləri və mövhumat yayırlar. Məgər dinin fəlsəfəsini, kəlam elmini, obyektiv təfsirləri tərəfsiz və qərəzsiz şəkildə təbliğ edən neçə ilahiyyatçı var? Çox azdır. Lakin məzhəbçi dindar, din xadimi kifayət qədər çoxdur. İkinci səbəb isə orta məktəblərdə din və ya dinlər haqda dolğun tədrisin yaxud maarifləndirmənin olmamasıdır. Televiziyalarda dinin fəlsəfəsini, mahiyyətini müasir metodlarla anladan proqramlar yoxdur. Ona görə də təməl dini bilgilərinin olmaması sonradan gəncləri din xadimlərinin xurafatçı söhbətləri ilə üz-üzə qoyur”. 

İlahiyyatçının dediyinə görə, sosial şəbəkələrdə sərhədlərin olmaması kənar təsirləri artırır:

“Bəzi xarici maraqlı dairələr müsəlman ölkələrində dini, mənəvi dəyərləri sarsıtmaq üçün ateizmin təbliği ilə məşğuldurlar. Gənclərin dili ilə danışan, uzlaşan ilahiyyatçı, dinşünaslar var. Lakin əyani ünsiyyət üçün şərait, imkan yoxdur. Gənclərlə uzlaşmaq, dialoq, müzakirə üçün sağlam ilahiyyatçıların, dinşünasların, din alimlərinin auditoriyası olmalıdır. Ən azı televiziyalara çıxışı təmin olunmalıdır”. 

O diqqətə çatdırıb ki, məhz bunun olmamasının yaratdığı böyük mənəvi boşluğu ateizm doldurur:

“Mən bir çox ateistlə söhbət etmişəm, məlum olub ki, din o şəxslərə olduğu kimi çatmayıb yaxud çatdırılmayıb. Əgər söhbət məndən gedirsə mənim səmimi deist və ateistlə söhbətim xurafatçı dindarla, mövhumatçı din xadimi ilə, məzhəbçi şəxslə söhbətimdən daha dolğun, daha faydalı olur. Saxta dindardan, xurafatçı din xadimindən, xalqı parçalayan məzhəbçi müsəlmandansa səmimi, vətənpərvər, dövlətini sevən deist, ateist daha faydalıdır. Dinin də əsas məqsəd insan olmaqdır. Əgər insani meyarlar özünü dindar hesab edəndə yoxdursa elələləri daha zərərlidir, nəinki deist, ateistlər”. 

T. İrfan söyləyib ki, dindarlar arasında normal, etik, mədəni, sivil dialoq və sosial əlaqələr məhduddur: 

“O ki, qala ateist və deistlə ünsiyyət. Hərəsi dinə öz məzhəbinin gözü ilə baxır. Ona görə də müasir düşünən gənclər dindardan da, dindən də uzaq qaçırlar”.

Günel Cəlilova

0