Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığına necə qəbul edilə bilər?

SİYASƏT
15:30 / 02.09.2023
476

"Bütün hallarda fərdi müraciətlər lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını şərh edərkən deyib.

Hikmət Hacıyev "TRT World”ə açıqlamasında Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməli olduqlarını deyib: "Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb. Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar”. 

Qulamhüseyn Əlibəylinin fikrincə, Qarabağda yaşayan ermənilər yenidən Azərbaycan dövlətinin hüquq və imtiyazlarından bəhrələnmək istəyirlərsə, fərdi qaydada müraciət etməlidirlər:

"1997-ci ildə ölkəmizdə vətəndaşlıq haqqında qanun qəbul olunub. Həmin qanuna görə, Azərbaycan ərazisində doğulan şəxslər, yaxud da 1992-ci ilin yanvarın 1-nə qədər ölkəmizdə yaşayanlar, əgər, başqa ölkə qarşısında öhdəlikləri yoxdursa, Azərbaycan vətəndaşı hesab olunurlar. Bu mənada, Qarabağda yaşayan ermənilər də Azərbaycan ərazisində doğulduqları üçün Azərbaycan vətəndaşı hesab olunmalıdırlar. İşğal dövründə Qarabağa kənardan gələn və zorla orada məskunlaşdırılan insanlara bu qanun şamil edilmir. Suriya, Livandan Qarabağa gətirilən, qondarma qurumun "pasportunu” daşıyanlar isə Azərbaycan vətəndaşı hesab olunmurlar. 

İşğal dövründə artıq onlar faktiki olaraq Azərbaycan hakimiyyət orqanları ilə əlaqələrini itirdiklərinə görə, vətəndaşlıqları da itirilmiş hesab olunur. Ona görə də, Qarabağda yaşayan ermənilər yenidən Azərbaycan dövlətinin hüquq və imtiyazlarından bəhrələnmək istəyirlərsə, fərdi qaydada müraciət etməli və Azərbaycan vətəndaşlığına qəbul olunmalıdırlar. 

İkinci bir variant da var. Vətəndaşlıq Haqqında Qanuna əlavə və dəyişikliklər təklif oluna bilər. Dəyişikliklər edilərsə, işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilə bilərlər. Qanunda müəyyən dəyişikliklər etməklə məsələni həll etmək olar”. 

0