Azərbaycan – Slovakiya münasibətləri YENİ MƏRHƏLƏDƏ

SİYASƏT
12:38 / 14.07.2026
300

“Azərbaycanla Slovakiya arasında münasibətlər son illərdə qarşılıqlı etimad, siyasi dialoq və iqtisadi tərəfdaşlıq əsasında ardıcıl şəkildə inkişaf edərək yeni mərhələyə qədəm qoyub”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında formalaşan əməkdaşlıq modelinin coğrafi məsafənin yaxın münasibətlər üçün maneə deyil, əsas amilin ortaq maraqlar, etibarlı tərəfdaşlıq və qarşılıqlı hörmət olduğunu göstərir:


“Azərbaycan və Slovakiya arasında yüksək səviyyəli siyasi təmasların intensivləşməsi, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin genişlənməsi, enerji təhlükəsizliyi, ticarət, sənaye, nəqliyyat, innovasiya və humanitar sahələrdə əlaqələrin dərinləşməsi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu Slovakiyanın da ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsinə səbəb olub”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi Slovakiya ilə də qarşılıqlı faydaya əsaslanan əməkdaşlığını uğurla inkişaf etdirir:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, “Slovakiya ilə münasibətlərimizin inkişafı üçün yaxşı imkanlar var və biz bu imkanlardan istifadə edərək əməkdaşlığımızı bütün istiqamətlər üzrə genişləndirəcəyik”. Bu fikir Azərbaycan xarici siyasətinin dost ölkələrlə uzunmüddətli və etibarlı tərəfdaşlığa verdiyi əhəmiyyətin aydın ifadəsidir. 

Azərbaycan-Slovakiya münasibətlərində diqqətçəkən məqamlardan biri də Slovakiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovun azərbaycanlı olması təkcə maraqlı diplomatik fakt deyil, həm də iki xalq arasında formalaşmış etimadın, qarşılıqlı hörmətin və münasibətlərin özünəməxsus xarakterinin rəmzi kimi qiymətləndirilə bilər”. 

Elnarə Akimova vurğulayıb ki, bu fakt ölkələr arasında dialoqun daha səmərəli qurulmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına əlavə töhfə verir:
“Bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər təkcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaşlığın uğurlu modeli kimi diqqət çəkir. Qarşılıqlı siyasi iradə, iqtisadi maraqlar və strateji baxışlar bu əlaqələrin gələcək illərdə daha da genişlənəcəyini və yeni uğurlarla zənginləşəcəyini göstərir”.

Elmir Mustafa

0