Azərbaycanın yüksəlişinin başladığı gün – 14 iyul 1969

SİYASƏT
13:42 / 14.07.2026
336

Azərbaycanın dövlətçilik tarixində elə dönüş nöqtələri var ki, onlar sadəcə təqvim rəqəmi deyil, bütöv bir xalqın taleyini, gələcək inkişaf trayektoriyasını müəyyən edən intibahın başlanğıcıdır. 

Şübhəsiz ki, bu tarixi mərhələlərin ən mühümü və həlledicisi 14 iyul 1969-cu ildir. Çünki həmin gün dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Artıq Ulu Öndərin hakimiyyətə gəlməsinin üzərindən 57 il keçir. 

Məhz həmin tarixi gündə keçirilən Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyevin respublikanın birinci katibi seçilməsi ilə ölkəmiz uzunillik durğunluq dövründən çıxaraq, milli dirçəliş, qüdrətlənmə və gələcək müstəqilliyə aparan parlaq bir yola qədəm qoydu.

Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələnə qədər Azərbaycan Sovet İttifaqının tərkibində əsasən aqrar, geridə qalmış və potensialından tam istifadə olunmayan bir diyar statusunda idi. Lakin Ulu Öndər hakimiyyətə gəldiyi ilk günlərdən etibarən mövcud idarəçilik sistemində köklü islahatlar həyata keçirdi. Qısa müddət ərzində Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində respublikada misilsiz quruculuq dalğası başladı.

Bunların ən vacibi isə nəhəng sənaye müəssisələrinin qurulması idi. Bakı Məişət Kondisionerləri Zavodu, Yeni Bakı Neftayırma Zavodu, Sumqayıt Kimya Sənayesi müəssisələri kimi onlarla böyük layihə məhz o illərdə reallaşdı. Həmçinin, kənd təsərrüfatının modernləşdirilməsinə start verildi. Pambıqçılıq, üzümçülük və tərəvəzçilik sahələrində mexanikləşdirmə tətbiq olundu və məhsuldarlıq rekord həddə çatdı.
 
Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ən ucqar rayon və kəndlərinə belə yollar çəkildi, elektrik, qaz və su xətləri infrastrukturunun möhkəm əsası qoyuldu. Ulu Öndər iqtisadi müstəqilliyin siyasi müstəqilliyin bünövrəsi olduğunu çox gözəl bilirdi. O dövrdə qoyulan investisiyalar və tikilən zavodlar sonradan müstəqil Azərbaycanın iqtisadi müstəqilliyinin onurğa sütununa çevrildi.

Ümumilli Lider sovet Azərbaycanındakı fəaliyyəti təkcə təsərrüfat sahəsi ilə məhdudlaşmırdı. O, sovet ideologiyasının sərt senzurası şəraitində milli özünüdərki qorumaq üçün böyük cəsarətlə strateji həmlələr etdi. Heydər Əliyevin rəhbərliyi dövründə milli şüurun oyanışı istiqamətində də çox ciddi addımlar atıldı. Bunların ən özəli ana dilimizin qorunması idi. Sərt sovet rejiminin təzyiqlərinə baxmayaraq, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olundu.

Həmçinin, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması gələcəkdə müstəqil ordumuzun peşəkar kadr nüvəsini yetişdirdi. Bundan başqa, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilərək yüksək ixtisaslı kadr kimi ölkəyə qaytarıldı. Bu gün müstəqil dövlətimizin idarəçiliyində və elmində xidmət edən mütəxəssislərin əksəriyyəti məhz o dövrün yetirmələridir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə ölkə daxili xaos, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanın hərbi təcavüzü ilə qarşı-qarşıya qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər əslində, 1969-cu ildə başladığı böyük missiyanı xilas etdi və davam etdirdi. O, dövləti parçalanmaqdan qorudu, “Əsrin müqaviləsi”ni imzalayaraq ölkənin iqtisadi müstəqilliyini sarsılmaz etdi.

Hazırda qürurla qeyd edə bilərik ki, 1969-cu ilin 14 iyulunda qoyulan bünövrə bu gün özünün ən möhtəşəm zirvəsini yaşayır. Ümummilli Liderin müəyyən etdiyi strateji xətt, bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla taclandırılıb. Şuşanın, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlət suverenliyimizin ölkənin hər bir qarışında bərpa olunması 1969-cu ildə başlayan böyük və şərəfli intibah yolunun ən böyük zəfəridir.

14 iyul 1969-cu il - Azərbaycanın yalnız dünəni və bu günü deyil, həm də əbədi yaşayacaq qüdrətli və yenilməz gələcəyidir!

Elmir Mustafa

0