Azərbaycanın yeni hədəfi bəlli oldu: Avropaya enerji nəqli

SİYASƏT
10:26 / 12.08.2026
204

Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bir sıra məsələlər toxunub. 

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik: 

“Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın yeni hədəfini müəyyən edib. Dövlətimizin başçısı Azərbaycanın Avropanın elektrik enerjisi təchizatında da iştirak etməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı diqqət çəkdiyi əsas məsələlərdən biri də Azərbaycanın enerji ixracının coğrafiyasının genişləndirilməsi olub: 

407047

“Dövlət başçısı bildirib ki, Azərbaycanın qarşıdakı dövrdə Avropa İttifaqı bazarına yaşıl enerji ixrac etmək imkanları genişlənəcək. Azərbaycan, Gürcüstan və Avropa İttifaqı arasında yaşıl enerji sahəsində artıq müvafiq anlaşmalar əldə olunub. Bu çərçivədə Azərbaycan və Gürcüstanın Qara dəniz üzərindən Avropa bazarına yaşıl enerji çıxarması nəzərdə tutulur.

Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız yükdaşımalarla məhdudlaşmır. Dəhliz gələcəkdə elektrik enerjisinin nəqli baxımından da mühüm imkanlar yarada bilər. Bu isə Azərbaycanın Naxçıvan istiqamətində, eləcə də Naxçıvan üzərindən digər ölkələrə elektrik enerjisi ixracını genişləndirməsinə şərait yaradacaq”.

Millət vəkili bildirib ki, elektrik enerjisi ixracının artması Azərbaycanın həm Avropa, həm də region ölkələrinin enerji bazarlarında mövqeyinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Eyni zamanda, bu istiqamətin genişlənməsi ölkəyə daxil olan valyuta gəlirlərinin artmasına da imkan verə bilər. Alternativ enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edilməsi Azərbaycanın təbii qaz ehtiyatlarından daha səmərəli istifadə etməsinə şərait yaradacaq. 

Beləliklə, daxili tələbatın bir hissəsi bərpaolunan enerji hesabına qarşılandıqca, daha çox təbii qazın ixrac üçün yönəldilməsi mümkün olacaq. Bu baxımdan Azərbaycanın yaşıl enerji istehsalını və elektrik enerjisi ixracını artırması təkcə yeni enerji bazarlarına çıxış deyil, həm də ölkənin ümumi ixrac potensialının və valyuta gəlirlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.

Günel Cəlilova

0