“Hər birimiz üçün müqəddəs və əziz olan Vətəni qorumaq, torpaqlarımızın müdafiəsini və azadlığını təmin etmək vətəndaş olaraq hamımızın borcudur”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan xalqı da öz qəhrəmanlığı, birliyi və vətənpərvərliyi ilə tarixə şanlı səhifələr yazıb:
“Möhtəşəm qələbələrimizdən biri 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazandığımız qələbədir. Bu Zəfər xalqımızın birliyini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib. 44 gün davam edən Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərdi. Əsgər və zabitlərimiz öz canları və qanları bahasına Vətənimizin ərazi bütövlüyünün bərpasına mühüm töhfə verdilər. Şuşanın azad edilməsi isə Zəfərimizin ən parlaq səhifələrindən biri oldu”.
Ekspert qeyd edib ki, qazandığımız Zəfərin əhəmiyyəti yalnız torpaqlarımızın azad edilməsi ilə məhdudlaşmır:
“Bu qələbə xalqımızın milli qürurunu, özünəinamını və mübarizə ruhunu daha da gücləndirdi. Azərbaycan xalqı çətin anlarda birlik nümayiş etdirərək bir amal uğrunda birləşməyin nə qədər böyük gücə malik olduğunu sübut etdi. Zəfərimiz həm də gələcək nəsillərə vətən sevgisi, cəsarət və fədakarlıq nümunəsi oldu.
Zəfərimizin ən mühüm amillərindən biri milli birliyimizin güclənməsi oldu. Xalqımız bir yumruq kimi birləşdi. İnsanlar yaşından, peşəsindən və sosial vəziyyətindən asılı olmayaraq Vətənin müdafiəsi naminə həmrəylik nümayiş etdirdilər. Bu birlik Zəfərimizin əsas mənəvi dayaqlarından biri oldu”.
Həmsöhbətimiz vurğulayıb ki, Zəfərimizin ikinci mühüm cəhət tarixi ədalətin bərpasıdır:
“Qarabağın işğaldan azad olunması xalqımızın uzun illər davam edən həsrətinə son qoyulmasında mühüm mərhələ oldu. Doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması üçün imkan yarandı.
Üçüncü faktor da alınmaz qala hesab olunan Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi Zəfərimizin rəmzinə çevrildi. Şuşa Azərbaycan musiqisinin, ədəbiyyatının və mədəniyyətinin beşiyi hesab olunur. Bu şəhərin azadlığı milli-mədəni irsimizin qorunması baxımından da böyük əhəmiyyət daşıyır”.
N. Novruzov diqqətə çatdırıb ki, şəhidlərimizin qəhrəmanlıq nümunəsi də çox mühüm idi:
“Zəfərimiz şəhidlərimizin fədakarlığı və əsgərlərimizin göstərdiyi igidliklə bağlıdır. Onların qəhrəmanlığı gənc nəslə Vətəni sevməyi, qorumağı və milli dəyərlərə sahib çıxmağı öyrədir. Vətən müharibəsində qazandığımız Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqımızın iradəsinin, birliyinin və milli ruhunun təntənəsidir. Bu Zəfər bizə göstərdi ki, Vətən sevgisi insanı ən çətin sınaqlardan belə qalib çıxara bilər.
Qarabağın azadlığı hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı. İndi bizim əsas vəzifəmiz bu qələbəni qorumaq, azad edilmiş torpaqlarımızı inkişaf etdirmək, şəhidlərimizin xatirəsini yaşatmaq və gələcək nəsillərə güclü Azərbaycan miras qoymaqdır. Zəfər tariximizdən aldığımız güclə ölkəmizin gələcəyini daha parlaq etməliyik”.
Müsahibimiz əlavə edib ki, Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biridir:
“Bu qələbə bizə göstərdi ki, birlik, milli həmrəylik və Vətən sevgisi xalqı böyük məqsədlərə çatdıra bilər. Qarabağ Azərbaycandır! Zəfərimiz xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olacaq”.
Elmir Mustafa



