Bolqarıstanda prezident seçkilərinin nəticələri məlum olub.
İliyana Yotova noyabrın 1-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Seçki protokollarının 99,95 faizinin hesablanmasına əsasən, o, səslərin 57,58 faizini, rəqibi Andrey Gyurov isə 39,47 faizini toplayıb. Bununla Yotova Bolqarıstan tarixində ümumxalq səsverməsi ilə prezident seçilən ilk qadın olub.
Trend xatırladır ki, İ.Yotova bu ilin mayında Azərbaycanda səfərdə olub və Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edib. O, Bakıya Prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs olaraq səfər etmişdi. Belə ki, o, Prezident Rumen Radevin 2026-cı ilin yanvarında vaxtından öncə istefa verməsi ilə bağlı növbəti seçkilərə qədər prezident səlahiyyətlətini icra edirdi.
Bu statusda mayın 17-də Bakıya gələn Yotova ertəsi gün forumun Liderlər sessiyasında çıxış edib. O, tədbirin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib, Bakının dünyanın gələcəyi haqqında müzakirələrin aparıldığı məkana çevrildiyini vurğulayıb.
Səfər çərçivəsində Yotova Prezident İlham Əliyevlə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlıq və Azərbaycan qazının Avropaya tədarükü məsələləri müzakirə olunub. Bolqarıstan Prezidenti həmçinin Sumqayıt Sənaye Parkında Bolqarıstan investisiyası ilə tikilmiş sürtgü yağlarının emalı zavodu ilə tanış olub.
Qeyd edək ki, İliyana Yotova 1964-cü il oktyabrın 24-də Sofiyada anadan olan Yotova Sofiya Universitetində bolqar filologiyası üzrə təhsil alıb, Fransada dövlət idarəçiliyi və Avropa araşdırmaları sahələrində ixtisaslaşıb. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb, 1990–1997-ci illərdə Bolqarıstan Milli Televiziyasında müxbir, redaktor, aparıcı və xəbərlər departamentinin rəhbəri vəzifələrində çalışıb.
Yotova 2005–2007-ci illərdə Bolqarıstan parlamentinin deputatı olub, 2007-ci ildə Avropa Parlamentinə seçilib. 2016-cı ildə Rumen Radevlə birlikdə seçkilərdə qalib gələrək vitse-prezident seçilib və 2017-ci ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Onlar 2021-ci ildə ikinci müddətə yenidən seçiliblər.
Rumen Radevin istefasından sonra Yotova 2026-cı il yanvarın 23-də prezident vəzifəsini tutub. Beləliklə, o, Azərbaycana may səfəri zamanı artıq Bolqarıstanın dövlət başçısı olub.//Trend.az


