"Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı

HADİSƏ
18:38 / 02.11.2026
60

Bakıda vətəndaşa hədə-qorxu gəlməkdə və dələduzluqda təqsirləndirilən Səid Rüstəmzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, təqsirləndirilən 2 il sınaq müddəti tətbiq olunmaqla 5 il azadlıqdan şərti məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

İstintaq materiallarına görə, Bakının Nəsimi rayonunun ərazisində yerləşən masaj salonunun sahibəsi Gülnarə İsayeva Səid Rüstəmzadə tərəfindən şantaj olunduğunu bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən S.Rüstəmzadə özünü dövlət qurumunun rəsmi nümayəndəsi kimi təqdim edərək, G.İsayevaya bundan sonra yalnız onun "nəzarəti" altında işləyə biləcəyini deyib. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat "himayədarlıq haqqı" tələb edib.

Bir müddət sonra S.Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 maddəsi (hədə-qorxu ilə tələbetmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
 

0