Alimlərin apardığı genişmiqyaslı araşdırma kometlərin Yerə həyatın yaranması üçün zəruri kimyəvi maddələri kifayət qədər miqdarda çatdırdığı ehtimalını sual altına alıb. Hesablamalara görə, bu səma cisimləri planetə həyatın ilkin kimyası üçün vacib olan maddələri lazımi konsentrasiyada nadir hallarda gətirə bilib.
HİT.az xəbər verir ki, Kembric Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup 100 min kompüter simulyasiyası apararaq bu nəticəyə gəlib. Araşdırma “Scientific Reports” jurnalında dərc olunub.
Kometlərdə müəyyən şəraitdə canlı sistemlərin ilkin komponentlərinə çevrilə bilən üzvi birləşmələr mövcuddur. Lakin bu maddələrin kosmosda olması onların Yer səthinə zədələnmədən və kifayət qədər miqdarda çatması demək deyil.
Tədqiqatçılar xüsusilə hidrogen sianid (HCN) birləşməsini araşdırıblar. Bu maddə nukleotidlərin, şəkərlərin və digər bioloji əhəmiyyətli molekulların ilkin formalarının yaranmasına səbəb olan kimyəvi reaksiyalarda iştirak edə bilər.
Alimlər hesablamalarda kometlərin ölçüsünü, hərəkət sürətini, Yerə düşmə bucağını, atmosferlə qarşılıqlı təsirini və toqquşma zamanı molekulların parçalanmasını nəzərə alıblar.
Kometlərdəki üzvi maddələr Yerə çatana qədər məhv ola bilər
Simulyasiyalar göstərib ki, kometin özünün və daşıdığı kimyəvi maddələrin salamat qalması üçün əlverişli şərtlər çox vaxt üst-üstə düşmür. Kiçik kometlər atmosferdə parçalanır, toqquşma zamanı üzvi birləşmələr yüksək temperaturun təsirindən dağılır. Okeana düşən kometlərdən sağ qalan maddələr isə böyük su kütləsində həddindən artıq durulaşır.
Hesablamaların 54 faizində açıq quruya həyatın ilkin kimyası üçün əhəmiyyətli hesab edilən konsentrasiyada hidrogen sianid çatdıran heç bir komet toqquşması baş verməyib.
Maraqlıdır ki, tədqiqatçılar modelləşdirmə zamanı maddələrin durulaşmasının məhdud olması da daxil olmaqla, kometlərin Yerə kimyəvi maddə çatdırması üçün əlverişli fərziyyələrdən istifadə ediblər. Buna baxmayaraq, uğurlu nəticələrin əldə olunması nadir hal kimi qiymətləndirilib.
Ən əlverişli dövr 4,4 milyard il əvvəl olub
Araşdırmaya əsasən, lazımi maddələrin Yerə uğurla çatdırılması baş verirdisə, bu, əsasən təxminən 4,4 milyard il əvvəl, komet bombardmanının daha intensiv olduğu dövrə təsadüf edirdi. Sonrakı mərhələlərdə belə hadisələrin ehtimalı daha da azalıb.
Alimlər istisna etmirlər ki, son dərəcə əlverişli şəraitdə baş vermiş tək bir komet toqquşması Yerə lazımi maddələri çatdıra bilərdi. Lakin bu halda həmin birləşmələrin durulaşmasından və ya itirilməsindən əvvəl onların iştirakı ilə kimyəvi reaksiyalar baş verməli idi.
Tədqiqat kometlərin Yerə həyatın yaranması üçün ilkin kimyəvi materialları çatdırması ssenarisini şübhə altına alır. Bununla belə, araşdırma həyatın necə yarandığına dair yekun cavab vermir və digər mümkün mexanizmləri istisna etmir.
Samir


