İnsanlara kömək etmək, diqqət və qayğı göstərmək müsbət xüsusiyyətlər hesab olunsa da, bu davranışlar hər zaman layiq olduğu dəyəri görmür. Yeni araşdırma göstərib ki, yaxşılıq edən insanın səyləri bəzən ətrafdakılar tərəfindən adi və gözlənilən davranış kimi qəbul olunur.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “Psychologies” portalına istinadən məlumat yayıb.
Araşdırmada 18-77 yaş aralığında olan 736 nəfər iştirak edib. Onlara insanların bir-birinə kömək etdiyi müxtəlif vəziyyətləri əks etdirən yeddi qısa hekayə təqdim olunub. İştirakçılardan həmin hekayələrdəki insanların davranışlarını yaxşılıq və qayğıkeşlik baxımından qiymətləndirmək istənilib.
Nəticələr göstərib ki, insanlar gözləniləndən artıq fədakarlıq və diqqət nümayiş etdirən şəxslərin davranışlarını daha yüksək qiymətləndirirlər. Əksinə, adi və ya insanın üzərinə düşən vəzifə kimi qəbul edilən kömək daha az səxavət nümunəsi hesab olunur.
Tədqiqat zamanı iki ev yoldaşının davranışı müqayisə edilib. Onlardan biri müntəzəm olaraq ev işlərini yerinə yetirir, digəri isə bunu məcbur olmadığı halda edirdi. İştirakçılar ikinci şəxsin davranışını daha yüksək qiymətləndiriblər. Belə ki, onun yaxşılıq göstəricisi 6 mümkün baldan 5,20, birinci şəxsin göstəricisi isə 3,76 olub.
Araşdırmada yaxşılıq, nəzakət və qayğıkeşlik anlayışlarının insanlar tərəfindən fərqli qəbul edildiyi də müəyyənləşib. Alimlərin fikrincə, davranışın necə nümayiş etdirilməsi onun qiymətləndirilməsinə birbaşa təsir göstərir. İnsan istiliyi, diqqətli yanaşma və qarşı tərəfin ehtiyaclarını əvvəlcədən nəzərə almaq yaxşılıq təsəvvürünü gücləndirir.
Məsələn, bir insan üçün qapını açıq saxlamaq nəzakətli davranış sayılsa da, bunu gülümsəyərək etmək daha səmimi və diqqətli münasibət kimi qəbul edilə bilər.
Araşdırmanın nəticələrinə görə, həqiqi yaxşılıq yalnız gündəlik vəzifələri yerinə yetirməkdən ibarət deyil. Əsas məqam başqalarının gözləntilərini aşmaq, onların həyatını asanlaşdırmaq və bunu səmimi münasibətlə etməkdir.
Samir


