Amerikalı general: "NATO Rusiyanın hava hücumlarına hazır deyil"

DÜNYA
09:23 / 24.11.2026
43

ABŞ ordusunun ehtiyatda olan generalı Ben Hodces NATO-nun Rusiyanın mümkün raket və dron hücumlarına qarşı kifayət qədər hazırlıqlı olmadığını bildirib. Onun fikrincə, alyans xüsusilə hərbi təchizat marşrutlarının, limanların, dəmir yollarının və körpülərin müdafiəsində ciddi çətinliklərlə üzləşə bilər.

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın “NTV” telekanalı məlumat yayıb.

Hodcesin sözlərinə görə, Rusiya NATO ilə mümkün münaqişə zamanı Avropa ölkələrinin infrastrukturunu sıradan çıxarmaq üçün raketlərdən, pilotsuz uçuş aparatlarından və digər uzaqmənzilli silahlardan istifadə edə bilər. O, alyansın belə hücumların qarşısını almaq imkanlarını yetərli hesab etmir.

“Onlar infrastrukturumuzu məhv etmək üçün raketlərdən, dronlardan və süzülən bombalardan istifadə edəcəklər. Buna hazır olduğumuza inanmıram. Təsəvvür edin ki, hər gecə Odessa, Kiyev və ya Xarkovda baş verənlər Almaniyanın Bremerhaven, Polşanın Qdansk və ya Latviyanın Riqa şəhərində yaşanır. Məhz belə bir vəziyyət yarana bilər”, deyə general xəbərdarlıq edib.

O bildirib ki, Rusiyanın əsas hədəflərindən biri NATO qüvvələrinin daşınması üçün istifadə olunan nəqliyyat infrastrukturu ola bilər. Xüsusilə Baltikyanı ölkələrin müdafiəsi zamanı dəniz yolu ilə hərbi qüvvə və texnika göndərilməsi vacib əhəmiyyət daşıyacaq. Bu səbəbdən İsveçin Göteborq limanı kimi strateji obyektlər də potensial hücum hədəfinə çevrilə bilər.

Hodcesin fikrincə, limanlara gedən dəmir yolları və körpülər də təhlükə altındadır. Rusiya hərbi yüklərin hansı limanlardan daşındığını bildiyi üçün həmin məntəqələri hədəfə ala bilər.

General alyansın hazırlığında iki ciddi problem olduğunu vurğulayıb. Birincisi, İranla müharibə səbəbindən hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı çatışmazlığının yaranmasıdır. İkincisi isə NATO-nun hərbi təlimlərinin real döyüş şəraitini kifayət qədər əks etdirməməsidir.

Onun sözlərinə görə, təlimlər zamanı elektron müharibə, kiberhücumlar və rabitə sistemlərinə müdaxilə kimi təhlükələr də nəzərə alınmalıdır. Hodces bütün silahlı qüvvələrin iştirak etdiyi, ölkələrarası daha real hərbi təlimlərin keçirilməsini vacib sayır.

Mövzu ilə bağlı İsveç Silahlı Qüvvələrinin hava hücumundan müdafiə polkunun komandiri Sofiya Vestermark da Rusiyanın mümkün münaqişənin ilk mərhələsində uzaqmənzilli silahlardan istifadə edə biləcəyini istisna etməyib.

O bildirib ki, Rusiya İsveçə və ya müttəfiqlərindən birinə uzaq məsafədən zərbələr endirə bilər. Bu səbəbdən İsveç ordusu strateji əhəmiyyətli obyektlərin qorunmasına üstünlük verməyi planlaşdırır. Vestermarkın sözlərinə görə, ölkənin bütün ərazisini hava hücumundan müdafiə sistemləri ilə tam əhatə etmək mümkün deyil.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rütte bundan əvvəl Rusiyanın raket insidentlərindən sonra Polşanın ərazi bütövlüyünün qorunacağını və alyansın onun ərazisinin hər qarışını müdafiə edəcəyini bəyan etmişdi.

Samir

0