“Vay o ailənin halına ki, orada başçılığı kişi yox, arvad edir”

SOSİAL
23:58 / 19.07.2023
945

"Vay o ailənin halına ki, orada başçılığı kişi yox, arvad edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov bu ilin 6 ayı ərzində Azərbaycanda 34 kişinin məişət zorakılığına məruz qalmasının hüquqi tərəflərini izah edərkən deyib. 

Vəkilin sözlərinə görə, 34 kişi onları zorakılığa məruz qoyan qadınlardan polisə, yaxud da məhkəməyə şikayət edə bilər:

"Amma dərd odur ki, heç bir kişi bunu özünə sığışdırmır. Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması kimi faktların üzə çıxması yaxşı haldır. Çünki həmişə deyirdilər ki, qadınlar məişət zorakılığına məruz qalır, kişilər onlara gün verib işıq vermir. Həqiqətdə isə məişət zorakılığı kişilərə qarşı artmaqda, qadınlara qarşı isə azalmaqdadır. Bunu özüm də müşahidə edirəm. Guya qadınlar Azərbaycanda azadlıq əldə edirlər. Əslində Azərbaycanda bu gün qadınların hüquqları kişilərdən çox qorunur. Məsələn, ailələr dağılır, boşanmalar artır. Bunun əsas günahkarı kişilər deyil, qadınlardır. Qadınlar özlərini azad hiss edirlər, dövlət də onları qoruyur”.

Əkrəm Həsənov bildirib ki, bu gün Azərbaycanda evlənmək kişilərə sərf etmir:

"Evlənir, uşaq dünyaya gəlir, bir az kişi o yan-bu yan edən kimi arvad boşanır, əmlakı yarı böldürür, uşaqları özünə götürüb kişidən aliment tələb edir, ataya uşaqla görüşməyə imkan vermir, bu faktlardır. Bunun özü məişət zorakılığıdır. Amma bütün bunlara baxmayaraq, dövlət də onları müdafiə edir. Buna görə də kişilər evlənmək istəmir. Evlənənlərin də sayı azalır. Məişət zorakılığı fiziki zorakılıq deyil, sözdən, qısnama  və s. ilə də olur. Qadınlar adətən bundan istifadə edir, məsələn, kişilərə qarşı son vaxtlar "az qazanırsan, bax gör filankəs nələr qazanır. Oğurluqla, korrupsiya ilə nələr qazanır, sən isə qazana bilmirsən”. Qadınların gözü doymur, onu istəyirəm, bunu istəyirəm. Bu da olsun, o da olsun, bunun özü də məişət zorakılığıdır. Yazıq kişilərin isə səsi çıxmır. Görün 34 kişinin başına nə oyun açıblar ki, onlar şikayət edib”.

Əkrəm Həsənov hesab edir ki, dövlət kimi ailədə də də bir nəfər rəhbər olmalıdır:

"İkibaşlı rəhbər ola bilməz. Yaxşı olar ki, bu kişilər şikayət eləsin, ekspertlərin, vəkillərin, psixolqların da vəzifəsi odur ki, belə hallardan danışaq. Kişilərə deyək ki, kişi olun, evinizə başçılıq edin, qadınlara da deyək ki, ərinizə tabe olun. Bu olmasa, cəmiyyət ölümə məhkumdur”.

Qeyd edək ki, statistikaya əsasən bu ilin 6 ay ərzində Azərbaycanda 34 kişi məişət zorakılığına məruz qalıb. 

0