Dəniz ekspedisiyası iki həftə ərzində 31 yeni sualtı canlı növü kəşf etdi

DÜNYA
21:00 / 27.06.2026
44

Alimlərdən ibarət beynəlxalq qrup Braziliya sahilləri yaxınlığında, Cənubi Atlantik okeanında cəmi 14 gün ərzində dəniz canlılarının əvvəllər elmə məlum olmayan 31 yeni növünü aşkar edib.

HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

ABŞ, Avstraliya, Braziliya və Yaponiyadan olan 20 mütəxəssis “Falkor” adlı elmi-tədqiqat gəmisində okeanın dibi ilə səth təbəqəsi arasında yerləşən “orta su qatı”nda araşdırmalar aparıb. Bildirilir ki, bu zona Yer üzündə həyat üçün ən böyük yaşayış mühitidir və planetin yaşayış sahəsinin təxminən 90 faizini əhatə etsə də, ən az öyrənilmiş ekosistemlərdən biri hesab olunur.

Aşkar edilən yeni növlər arasında doqquz meduza, mərcanlarla qohum olan yeddi sifonofor, parlaq kirpikləri ilə seçilən yeddi daraqlı meduza (ktenofor), dörd appendikulyariya sürfəsi, iki nəhəng təkhüceyrəli orqanizm, həmçinin bir amfipod və sürətli torquran qurd yer alır.

Kəşflərdə əsas rolu gəmidə quraşdırılmış və tədqiqatçıların “Kalmar” adlandırdığı konfokal mikroskop oynayıb. Bu texnologiya sayəsində alimlər tarixdə ilk dəfə olaraq canlı mikroorqanizmlərin üçölçülü hüceyrə quruluşunu birbaşa gəmidə müşahidə edə biliblər.

“Bu, tədqiqatlar üçün tamamilə yeni imkanlar açır. Hüceyrələrin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu, material mübadiləsi apardığını və skeletlərini necə formalaşdırdığını müşahidə etdik. Ən əsası isə bunu canlı şəkildə gəmidə edə bildik. Halbuki adətən belə görüntülər əldə etmək üçün nümunələrin boyanması və hazırlanmasına həftələr lazım olur”, deyə ekspedisiyanın rəhbəri, “Smithsonian” İnstitutunun alimi Karen Osborn bildirib.

Onun sözlərinə görə, yeni növlərin aşkar edilməsi və müəyyənləşdirilməsi sürəti rekord göstəricilərdən biri ola bilər.

“Orta su qatı haqqında çox az məlumatımız olan heyrətamiz canlılarla doludur. Bu qədər qısa müddətdə bu sayda yeni heyvan növünün aşkar edilməsi rekord nəticələrə yaxın ola bilər”, deyə Osborn qeyd edib.

Alim əlavə edib ki, bəşəriyyət hələ də okeanlarda yaşayan canlıların yalnız çox kiçik bir hissəsini tanıyır.

“İnsanların indiyədək kəşf etdikləri okeandakı həyatın yalnız görünən hissəsidir”, deyə o vurğulayıb.

Samir

0