“Xurafatı dinin zəhəridir”

SOSİAL
19:09 / 26.11.2024
281

“Xurafatı dinin zəhəri adlandırmaq olar.

Çünki , xurafat İslam dinini təhrif edən, xarab edən, əsas mahiyyətindən uzaqlaşdıran amildir. Xurafatın müxtəlif yaranma səbəbləri var”. 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, son dövrdə bundan bəzi məqsədli dövlətlər, qurumlar, təşkilatlar istifadə edir. Əsasən Qərbin ideoloji institutları müsəlman ölkələrində bəzi məqsədlərə nail olmaq üçün xurafatdan istifadə edirlər. Demokratiyanın, insan haqlarının olmaması adı ilə işğal və istismar etdiyi ölkələri zəiflədib özünə tabe etmək, idarə etmək üçün ABŞ kimi dövlətlər İraq, Liviya, Livan, Suriya, Yəmən kimi ölkələrdə xurafatı körükləyib məzhəb ixtilafı yaradırlar:

“Nəticədə xalq üz-üzə gəlib, dövlət zəifləyir və istismarçıların sümürməsinə zəmin yaranır. ABŞ-ı bu kimi ideoloji məqsədlərinə əsasən İranın vasitəsi ilə çatır. Çünki, İran teokratik rejimlə ifadə olunub, idarə olunur və bu şübhəsiz ki, İslam yox, İslam pərdəli fars millətçiliyinə və qədim dinlərinə əsaslanan ideoloji xəttir. Demək olar ki, bütün müsəlman ölkələrinə yol taparaq məzhəbçilik, xurafat, dinin siyasiləşməsi, mövhumat, radikalizm yayaraq öz siyasi rıçaqlarını yaradır və sonra da Qərbin ideoloji-siyasi institutlarına sərf edən şəkildə çaxnaşmaya səbəb olur.

İraqın, Yəmənin, Suriyanın daxilində illərlə təbliğat aparan İran axırda xalqın birlik gücünü məzhəbçilik və xurafatla qıra bildi və ABŞ - ı kimi ölkələrin həmin ölkələrə asan müdaxiləsinə tam zəmin hazırladı. Ölkəmizdə də bu məqsədlə otuz ildən artıqdır ki, İran və bəzi ərəb ölkələrindən qaynaqlanan xurafatçı, bəzən də radikal islamçı təbliğat aparılıb. Səudiyyə Ərəbistanı və İran rəqib ölkələr olduğu üçün etiqad etdikləri dini cərəyanlar da siyasi ideoloji xəttlərinə uyğun olaraq bir - birinə rəqibdir. Ona görə bunların təbliğ etdiyi "İslam" da təbliğ edilən yerdə üz - üzə qoyulur və nəticədə xurafat sayəsində ixtilaf yaranır. 

Xurafatı əsasən daxilində siyasi məqsədləri gizlətmək üçün yayırlar. Qəbirlərin üstündə pir, ziyarətgahları çoxaltmaq, ora toplaşmaq, müxtəlif qondarma ayinlər icad etmək, yas məclislərinin sayını artırmaq, müxtəlif günlərdə mövlud və matəm günləri qondarıb şüarlar səsləndirmək kimi işlər şübhəsiz ki, üzdə dini olsa da əslində xarici siyasi maraqları xidmət edir. Kimlərlə burada varlıqlarını göstərmək istəyirlər. Ancaq bu kimi xatalı ideya və əməllərin qarşını mütəmadi şəkildə aidiyyəti qurumlar alır və sağlam dini təbliğat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi səmərəli iş aparır.

Bəzi təsirə düşmüş din xadimləri də var ki, hələ də xaricdəki ali dini mənbələrə təqlid edirlər, dini, mənəvi, ideoloji cəhətdən onlara təqlid edirlər. Bax bu xatalıdır. Sabah oradakı şeyx nə fətva versə burdakı məcburdur onun sözünü icra etsin. Ona görə ölkədə ali dini rütbəli, elmi dərəcəli din xadimləri yetişməlidir ki, xaricə bağlılıq minimuma ensin”.

Sevinc

0