Marketlərdə yumurta ilə bağlı gözlənilməz mənzərə yaranıb.
Bir çox satış məntəqəsində qiymətlərin kəskin şəkildə aşağı düşməsi alıcı axınını artırdı. Marketlərdə yumurtanın qiyməti 1-3 qəpik olacağı ilə bağlı xəbər sosial şəbəkədə yayılan kimi alıcılar vəziyyəti fürsət bilib, satışda olan bütün yumurtaları elə həmin gün alıb bitirdilər.
Hətta bəzi alıcılar birdəfəyə 100-dən çox yumurta alırdı. Təbii ki, belə olan halda marketlərdə yumurta qalmadı. Artıq demək olar ki, şəhərin əksər marketlərində yumurta tapmaq qızıl tapmağa bərabərdir.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, yumurtanın qiymətindəki kəskin ucuzlaşmanın əsas səbəblərindən biri xarici bazarlara satışın azalması və ya dayanmasıdır:

“İxrac imkanları məhdudlaşdıqda məhsulun böyük hissəsi daxili bazara yönəlir ki, bu da təklifin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur”.
Ekspert onu da qeyd edib ki, yumurta uzun müddət saxlanılması mümkün olmayan məhsullar sırasındadır:
“Xüsusilə isti yay aylarında məhsulun tez xarab olması istehsalçıları onu daha sürətli və daha aşağı qiymətə satmağa məcbur edir. Qiymət enişi qalıcı xarakter daşımaya bilər. Çünki məhsulun maya dəyərindən xeyli aşağı satılması istehsalçıların gəlirlərinə mənfi təsir göstərir və onların fəaliyyətini çətinləşdirir. İstehsalçılar zərər səbəbindən bazarı tərk etsələr, gələcəkdə təklif azalacaq və nəticədə yumurtanın qiymətində kəskin bahalaşma müşahidə oluna bilər”.
Günel Cəlilova


